"İnsan başqalarını incitməmək üçün bəzən ilk növbədə özünü incitməyə başlayır. Özünü incitmək isə əksər hallarda sağlam sərhədlər qoya bilməməyin nəticəsidir. Sərhəd qoya bilməyən insanlar çox vaxt öz ehtiyaclarını, hisslərini və istəklərini geri plana atır, nəticədə ən çox zərər görən də elə özləri olur. Onlar istər-istəməz qarşı tərəfə belə bir mesaj vermiş olurlar ki, “mənim sərhədlərim yoxdur”".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, digər tərəfdən, özünə dəyər verməyən insanın başqasına verdiyi dəyər də sağlam olmur. Çünki incitməməyə çalışmaqla dəyər vermək eyni anlayış deyil. Dəyər daha dərin və şüurlu münasibətdir:
"Bu problemin əsas səbəblərindən biri insanın özünü kifayət qədər tanımamasıdır. İnsan özünü tanıdıqca, ehtiyaclarını və imkanlarını dərk etdikcə həm özünü, həm də münasibətlərini daha sağlam şəkildə qoruya bilir. Məhz bu mərhələdə sərhəd qoyma bacarığı formalaşır.
Sərhəd qoymaq insanın öz vaxtını, hüquqlarını, hisslərini və emosional vəziyyətini qoruması deməkdir. Sərhəd qoya bilməyən insanlar zamanla özlərini həddindən artıq yorğun hiss edirlər. Bu, sadəcə fiziki yorğunluq deyil, insanın çiyinlərində daşıdığı görünməz emosional yükdür. Belə insanlar daim başqalarının ehtiyaclarının arxasınca qaçır, lakin öz ehtiyaclarını görməzdən gəlirlər.
Çox vaxt bunun arxasında itirmək qorxusu dayanır. İnsan düşünür ki, “yox” desə, qarşı tərəf onu qəbul etməyəcək və ya münasibətlər pozulacaq. Nəticədə öz problemlərini həll edə bilmədiyi halda başqalarının problemlərini həll etməyə çalışır.
Halbuki insan ilk növbədə öz ehtiyaclarını, istəklərini və imkanlarını müəyyən etməyi bacarmalıdır. “Yox” demək hörmətsizlik deyil, əksinə, insanın öz sərhədlərini və imkanlarını dürüst şəkildə ifadə etməsidir. Vacib olan “yox” cavabını nəzakətlə və səbəbini izah edərək verməkdir.
Təsəvvür edin ki, sizə hər təklif olunan işə “hə” deyirsiniz. Bir müddət sonra bu vəziyyət həm sizin dəyərlərinizə, həm prinsiplərinizə, həm də həyat keyfiyyətinizə mənfi təsir göstərməyə başlayır. Bəzən insan sadəcə “mən bunu edə bilmərəm” deməyi bacarmadığı üçün özünü çətin vəziyyətə salır.
Sərhəd qoya bilməmək zamanla günahkarlıq hissinin yaranmasına da səbəb olur. İnsan hər kəsin gözləntilərini qarşılamağa çalışdıqca özünü daha çox günahkar hiss edir və bu hiss onu emosional cəhətdən yorur.
Unutmamaq lazımdır ki, sərhəd qoymaq eqoizm deyil, insanın özünə göstərdiyi hörmətin ifadəsidir. Psixologiyada sağlam sərhədlər insanın özünəinamını artıran, emosional dayanıqlığını gücləndirən və münasibətlərini sağlamlaşdıran vacib bacarıqlardan biri hesab olunur.
Bu bacarıq həyatın bütün sahələrində əhəmiyyətlidir. Çünki hər bir peşədə rəqabət var və uğur qazanmaq üçün insan ilk növbədə öz vaxtını, enerjisini və öhdəliklərini düzgün idarə etməyi bacarmalıdır.
Məsələn, siz kiməsə əvvəlcədən söz vermisinizsə, sonradan daha sərfəli təklif qarşısınıza çıxdıqda belə, verdiyiniz sözə sadiq qalmaq vacibdir. Çünki etibar və hörmət pulla əldə edilə bilən dəyərlər deyil. İnsanların sizə olan inamı məhz verdiyiniz sözə əməl etməyinizlə formalaşır.
Bu səbəbdən sərhəd qoymağı öyrənmək istəyən insan ilk növbədə bəzi məqamlarda özünə də “yox” deməyi bacarmalıdır. İnsan öz daxilində bu bacarığı formalaşdırdıqca, həyatın digər sahələrində də sərhədlərini daha rahat və sağlam şəkildə qoruya bilir".