"Yeməkdən sonra yaranan yuxululuq və halsızlığın bir neçə səbəbi ola bilər. Bəzən insanlar bunu müxtəlif xəstəliklərlə əlaqələndirirlər. Həqiqətən də, bəzi hallarda bu vəziyyət şəkərli diabet və ya insulin müqaviməti ilə bağlı ola bilər".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, şəkər mübadiləsi pozğunluqları əsasən iki formada müşahidə olunur: "Birinci halda orqanizmdə insulin çatışmazlığı olur və bu zaman əlavə insulin müalicəsinə ehtiyac yaranır. İkinci halda isə orqanizmdə insulin normadan artıq ifraz edilir. Bu vəziyyət insulin müqaviməti və ya ikinci tip diabetlə əlaqələndirilir. Məhz belə insanlarda yeməkdən sonra halsızlıq, yuxululuq və enerji azalması daha çox müşahidə oluna bilər.
Bu vəziyyət xüsusilə şəkərli qidaların, fast-food məhsullarının, qazlı içkilərin, meyvə şirələrinin, qızartmaların və yüksək kalorili yeməklərin həddindən artıq qəbulu zamanı özünü göstərir. Belə qidalar qanda şəkərin sürətlə yüksəlməsinə, daha sonra isə enməsinə səbəb olaraq insanın özünü yorğun hiss etməsinə gətirib çıxara bilər.
Digər tərəfdən, hər zaman səbəb xəstəlik olmur. İnsan həddindən artıq qida qəbul etdikdə mədə və həzm sistemi daha çox işləməyə başlayır. Nəticədə orqanizm enerjinin böyük hissəsini həzm prosesinə yönəldir və bu da yuxululuq, halsızlıq və diqqətin azalması ilə müşayiət oluna bilər.
Bu hal xüsusilə günorta saatlarında daha çox hiss edilir. Çünki səhərdən iş fəaliyyəti ilə məşğul olan insan həm fiziki, həm də zehni yorğunluq yaşayır. Üstəlik, ağır yemək qəbul edildikdə orqanizmdə istirahət ehtiyacı daha da artır. Bəzi insanlarda isə zamanla “günorta yuxusu” vərdişi formalaşır və onlar günorta yatmadıqda özlərini daha yorğun hiss edirlər.
Qidalanma təkcə gündüz yuxululuğuna deyil, həm də gecə yuxusunun keyfiyyətinə təsir göstərir. Həddindən artıq şəkərli, yağlı və duzlu qidaların qəbulu qan təzyiqinə, şəkər mübadiləsinə və ümumi sağlamlıq vəziyyətinə təsir edə bilər. Xüsusilə şəkərli diabet, insulin müqaviməti və ya təzyiq problemi olan insanlarda bu hallar daha qabarıq şəkildə özünü göstərir.
Bu səbəbdən balanslı qidalanmaq, porsiyalara diqqət etmək və sağlam həyat tərzi formalaşdırmaq həm gündüz enerjisini, həm də yuxu keyfiyyətini yaxşılaşdıran əsas amillərdəndir".