"Kənd təsərrüfatında pestisidlər, insektisidlər və funqisidlərdən istifadə edilərkən əsas məqsəd bitkiləri zərərvericilərdən və xəstəliklərdən qorumaqla yanaşı, insanlara, torpağa, su mənbələrinə, ağaclara və digər canlılara zərər verməməkdir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Onun sözlərinə görə, bu preparatlar kimyəvi maddələrdir və onların tətbiqi zamanı müəyyən ekoloji qaydalara ciddi əməl olunmalıdır: "İlk növbədə, preparatın istifadə təlimatı ilə tanış olmaq və göstərilən dozaya riayət etmək vacibdir. Bəzən təsərrüfat sahibləri dozanın artırılmasının təsiri gücləndirəcəyini düşünürlər. Halbuki bu, yalnız ekoloji riskləri artırır və həm insan sağlamlığı, həm də ətraf mühit üçün ciddi təhlükələr yaradır.
Küləkli havalarda dərmanlama aparılmamalıdır. Külək preparatı qonşu sahələrə, yaşayış məntəqələrinə, su hövzələrinə və çiçəkli bitkilərə daşıya bilər. Həmçinin güclü istilərdə, xüsusilə temperatur 28–30°C-dən yuxarı olduqda dərmanlama məsləhət görülmür. Belə şəraitdə preparatların buxarlanması sürətlənir və bitkilərdə yanıq əmələ gətirmə riski artır.
Dərmanlama üçün ən uyğun vaxt səhər tezdən və axşamüstü saatlarıdır. Eyni zamanda yağış gözlənilən günlərdə dərmanlama aparmaq olmaz. Yağış preparatı yuyaraq onun təsirini azaldır, həm də kimyəvi maddələrin torpağa və su mənbələrinə qarışmasına səbəb olur.
Su hövzələrinin qorunması xüsusi əhəmiyyət daşıyır. Preparatlar çaylara, kanallara və digər su axınlarına düşməməlidir. Dərman qabları sahələrə atılmamalı, təhlükəli tullantı kimi ayrıca toplanaraq utilizasiya edilməlidir.
Arıların və digər faydalı canlıların qorunması da vacibdir. Çiçəkləmə dövründə insektisidlərin istifadəsi mümkün qədər məhdudlaşdırılmalıdır. Arıların aktiv uçuş saatlarında, təxminən səhər 08:00-dan axşam 18:00-dək, bu preparatlardan istifadə edilməməlidir. Dərmanlama qaçılmaz olduqda, yaxınlıqdakı arıçılar əvvəlcədən məlumatlandırılmalıdır.
Arılar yalnız bal istehsalı üçün deyil, həm də kənd təsərrüfatı bitkilərinin tozlanması üçün həyati əhəmiyyət daşıyırlar. Onların məhv olması məhsuldarlığın azalmasına və ekosistemə ciddi zərər vurulmasına səbəb ola bilər.
Torpağın mühafizəsi də diqqətdə saxlanmalıdır. Eyni preparatlardan uzun illər istifadə olunması zərərvericilərdə davamlılıq yaradır və həmin preparatların effektivliyini azaldır. Bundan əlavə, torpaqdakı faydalı mikroorqanizmlər zərər görə bilər. Buna görə də kimyəvi müdaxilələr minimum səviyyədə saxlanmalı, üzvi gübrələrdən, kompostlardan və digər təbii vasitələrdən daha çox istifadə edilməlidir.
Müasir aqronomiyada geniş tətbiq olunan yanaşmalardan biri İnteqrə Edilmiş Zərərvericilərə Qarşı Mübarizə Sistemidir (Integrated Pest Management – IPM). Bu yanaşma müxtəlif metodların birlikdə tətbiqinə əsaslanır. Buraya daxildir:
-Xəstəlik və zərərvericilərə davamlı sortların seçilməsi;
-Sahələrin təmiz saxlanılması;
-Zədələnmiş bitki hissələrinin vaxtında kəsilməsi;
-Feromon və yapışqan tələlərdən istifadə;
-Faydalı həşəratların qorunması;
-Bioloji və təbii mübarizə vasitələrinin tətbiqi.
Bir çox hallarda neem (nim) ağacının yağı, sabun məhlulları, sarımsaq, acı bibər və digər bitki ekstraktları bəzi zərərvericilərə qarşı effektiv alternativ vasitələr hesab olunur. Bu üsullar kimyəvi preparatlara olan ehtiyacı azaltmağa kömək edir və ətraf mühitə daha az zərər verir.
İqlim dəyişikliklərinin təsiri altında quraqlıq dövrlərinin artdığı şəraitdə su ehtiyatlarından səmərəli istifadə etmək də vacibdir. Damcı suvarma və yağmurlama sistemləri suya qənaət etməyə kömək edir. Eyni zamanda küləkqıran zolaqların salınması, torpaqda rütubətin qorunması və yağış sularının toplanması sistemlərinin qurulması kənd təsərrüfatının davamlılığını artıran mühüm tədbirlərdir.
Nəticə etibarilə, kimyəvi preparatlar yalnız son seçim kimi istifadə edilməli, mümkün olduqda bioloji və təbii üsullara üstünlük verilməlidir. Bu yanaşma həm məhsuldarlığın qorunmasına, həm də ətraf mühitin və insan sağlamlığının mühafizəsinə xidmət edir".
Lətifə Abdıyeva