"Azərbaycan fermerinin əsas ixrac istiqamətlərindən biri Rusiya bazarıdır" - İQTİSADÇI

16 İyun 2026 11:30 (UTC+04:00)

"Yay mövsümü kənd təsərrüfatı sektoru üçün həm ən vacib, həm də ən riskli dövrlərdən biridir. Bu dövrdə taxılçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıq sahələrində əsas istehsal mərhələləri həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, əlverişli hava şəraiti və düzgün idarəetmə məhsuldarlığın artmasına şərait yaratsa da, iqlim dəyişiklikləri, quraqlıq və su çatışmazlığı fermerlərin gəlirlərinə ciddi təsir göstərir: "Təəssüf ki, Azərbaycanda yay mövsümü artıq kənd təsərrüfatı istehsalçıları üçün hər il təkrarlanan problemlər dövrünə çevrilib. Fermer üçün yay təkcə məhsul yetişdirmə vaxtı deyil, həm də risklərin artdığı bir mərhələdir. Su qıtlığı, yüksək istehsal xərcləri, bazara çıxış çətinlikləri və qiymət qeyri-sabitliyi illərdir həllini gözləyən əsas problemlər olaraq qalır.

Son illərdə inflyasiya və idxaldan asılılıq kənd təsərrüfatında maya dəyərinin artmasına səbəb olub. İstehsalda istifadə olunan toxum, gübrə, texnika və digər resursların əhəmiyyətli hissəsi xaricdən gətirildiyi üçün fermer baha istehsal edir. Bu isə onun rəqabət qabiliyyətinə və gəlirlərinə mənfi təsir göstərir.

Ən ciddi problemlərdən biri kənd təsərrüfatında sistemli yanaşmanın tam formalaşmamasıdır. Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı keçirilən müşavirədə vurğuladığı kimi, bu sahədə mövcud problemlərin həlli üçün daha səmərəli idarəetmə və nəticəyönümlü fəaliyyət tələb olunur. Qəbul edilmiş 2026–2030-cu illəri əhatə edən dövlət proqramı bu baxımdan mühüm əhəmiyyət daşıyır və hesab edirəm ki, aqrar sahəyə rəhbərlik edən qurumlar üçün ciddi məsuliyyət yaradır.

Bu gün fermer çox vaxt həm istehsalçı, həm satıcı, həm də bütün riskləri öz üzərinə götürən tərəf kimi çıxış edir. Dövlət dəstəyi və subsidiyalar vacibdir, lakin fermerin əsas ehtiyacı yalnız maliyyə yardımı deyil. Ona dayanıqlı infrastruktur, səmərəli bazar mexanizmləri, gəlir təminatı və müasir qanunvericilik lazımdır.

Azərbaycan fermerinin əsas ixrac istiqamətlərindən biri Rusiya bazarıdır. Lakin bu bazardan yüksək asılılıq əlavə risklər yaradır. Digər tərəfdən, Avropa İttifaqı və ABŞ kimi böyük bazarlara çıxış imkanlarımız məhduddur. Bunun əsas səbəbləri qanunvericiliyin beynəlxalq standartlarla tam uyğunlaşdırılmaması, laboratoriyaların beynəlxalq səviyyədə tanınmaması, logistika problemləri və yüksək daşınma xərcləridir.

Yay aylarında su problemi xüsusilə kəskinləşir. Su ehtiyatlarının idarə olunmasında illərdir yığılan problemlər məhsuldarlığa birbaşa təsir göstərir. Müasir suvarma sistemlərinin tətbiqi genişləndirilməli olduğu halda, bir çox təsərrüfatlarda hələ də köhnə üsullardan istifadə olunur.

Məhsulun satışı da fermerlərin əsas problemlərindən biridir. Fermer məhsulu yetişdirir, lakin bazarda qiyməti çox vaxt o deyil, vasitəçilər müəyyən edir. Mövsüm ərzində qiymətlər aşağı düşür, nəticədə istehsalçı zəif mövqedə qalır. Bu isə kənd təsərrüfatının dəyər zəncirində ciddi balanssızlığın mövcud olduğunu göstərir.

Problemlərin həlli üçün aqrar siyasət yalnız statistik göstəricilərə deyil, fermerin real gəlirlərinə əsaslanmalıdır. Kiçik fermerlərin orta, orta fermerlərin isə iri təsərrüfatlara çevrilməsi üçün konkret hədəflər müəyyənləşdirilməlidir. Bu məqsədlə kənd təsərrüfatı siyasətini həyata keçirən qurumlar üçün ölçülə bilən fəaliyyət göstəriciləri – KPI-lar tətbiq edilməlidir.

Məsələn, ayrılan subsidiyaların hər manatının nə qədər iqtisadi nəticə verdiyi hesablanmalıdır. Hər il neçə kiçik fermerin orta, neçə orta fermerin iri fermerə çevrildiyi müəyyən edilməlidir. Aqrar sektora nə qədər investisiya cəlb olunduğu, şoranlaşmış torpaqların nə qədərinin bərpa edildiyi və digər göstəricilər mütəmadi qiymətləndirilməlidir.

Çünki ölçə bilmədiyimiz heç bir prosesi effektiv idarə etmək mümkün deyil. Buna görə də nəticəyönümlü idarəetmə sistemi qurulmalı, uğurlu fəaliyyət təşviq edilməli, öhdəliklərini yerinə yetirməyənlər isə məsuliyyət daşımalıdır.

Nəticə etibarilə, kənd təsərrüfatına yalnız subsidiya və məhsul istehsalı prizmasından yanaşmaq kifayət deyil. Güclü aqrar sektor yaratmaq üçün fermer bazarda zəif tərəf olmaqdan çıxarılmalı, iqtisadi proseslərin əsas iştirakçısına çevrilməlidir. Azərbaycanın kənd təsərrüfatının gələcəyi məhz bu yanaşmadan keçir".

Lətifə Abdıyeva