”Azərbaycanın BMT sistemində fəaliyyət göstərən komitələrdən birinə üzv seçilməsi ölkənin beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyadakı fəallığının göstəricisi kimi qiymətləndirilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, 9 vakant yer uğrunda 16 ölkə təmsilçisinin mübarizəsində Azərbaycan tərəfindən namizədliyi irəli sürülmüş Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq professoru Fuad Zərbiyev səsvermənin ilk mərhələsində ən yüksək səs toplayaraq, 131 iştirakçı dövlətin dəstəyini qazanaraq Komitəyə üzv seçilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təsdiqidir:
“Müasir beynəlxalq münasibətlərdə BMT-nin komitə və şuralarında təmsilçilik dövlətlər üçün mühüm siyasi alət hesab olunur. Belə qurumlarda üzvlük ölkələrə qlobal gündəliyin formalaşmasında iştirak etmək, beynəlxalq hüquq və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsinə töhfə vermək imkanı yaradır. Bu baxımdan Azərbaycanın müxtəlif illərdə BMT-nin bir sıra seçkili orqanlarına üzv seçilməsi ölkənin çoxtərəfli diplomatiya sahəsində ardıcıl strategiya həyata keçirdiyini göstərir.
Hadisənin digər mühüm tərəfi beynəlxalq etimad faktorudur. BMT çərçivəsində keçirilən seçkilərdə uğur qazanmaq üçün üzv dövlətlərin dəstəyi vacibdir. Bu dəstək isə adətən dövlətin xarici siyasət kursuna, beynəlxalq öhdəliklərə sadiqliyinə və diplomatik əlaqələrinin səviyyəsinə əsaslanır. Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarda fəal mövqe tutması, regional və qlobal təşəbbüslərdə iştirakı belə seçkilərdə müsbət nəticələrin əldə olunmasına şərait yaradır.
Bununla yanaşı, komitəyə üzvlük ölkə qarşısında yeni məsuliyyətlər də yaradır. Azərbaycan artıq yalnız milli maraqlarını müdafiə edən tərəf deyil, həm də qlobal problemlərin həllinə töhfə verməli olan aktorlardan biri kimi çıxış edir. Bu isə peşəkar ekspertiza, beynəlxalq standartlara uyğun fəaliyyət və davamlı diplomatik fəallıq tələb edir. Seçilən nümayəndələrin fəaliyyəti ölkənin beynəlxalq imicinə birbaşa təsir göstərdiyindən onların uğurlu işi Azərbaycanın gələcək seçkilərdə də dəstək qazanmasına kömək edə bilər.
Ümumiyyətlə isə Azərbaycanın BMT komitəsinə üzv seçilməsi ölkəmizin beynəlxalq arenada artan rolunu, diplomatik imkanlarının genişləndiyini və qlobal idarəetmə mexanizmlərində daha fəal iştirak etmək niyyətini əks etdirir. Eyni zamanda bu uğur Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq siyasətinin effektivliyini nümayiş etdirir və gələcəkdə ölkənin qlobal qərar qəbuletmə proseslərində mövqeyinin daha da güclənəcəyinə dair müsbət gözləntilər formalaşdırır”.