“Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda keçirilən üçüncü panel sessiyada moderator qismində çıxış edən Olqa Çemodanova bildirib ki, Milli Qurtuluş Günündən sonra həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. SİA xəbər verir ki , onun sözlərinə görə, ölkədə təmin olunan sabitlik və davamlı inkişaf xarici siyasətdə mühüm nailiyyətlərin əldə olunmasına, beynəlxalq nüfuzun artmasına və dost dövlətlərlə əməkdaşlığın genişlənməsinə şərait yaradıb. O, Azərbaycan-Belarus münasibətlərinin inkişafını da qarşılıqlı faydalı tərəfdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirib.
Olqa Çemodanova çıxışında Belarusun üzləşdiyi ağır sınaqlardan da bəhs edib. O qeyd edib ki, Çernobıl AES qəzasından sonra Belarus ərazisinin təxminən dörddə biri radiasiya ilə çirklənib və həmin ərazilərdə ölkə əhalisinin beşdə biri yaşayırdı. Onun sözlərinə görə, qəzanın nəticələri səbəbindən 479 yaşayış məntəqəsinin fəaliyyəti dayandırılıb və dövlət tərəfindən əhalinin sağlamlığının qorunması, radiasiya risklərinin azaldılması və təhlükəsiz həyat şəraitinin təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
Partiya sədri bildirib ki, zərərçəkmiş əhalinin köçürülməsi, mənzil təminatı, kompensasiya ödənişləri, sosial güzəştlər, radioaktiv tullantıların idarə olunması, çirklənmiş ərazilərə girişin məhdudlaşdırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks proqramlar icra olunub. O vurğulayıb ki, qəzanın nəticələrinin aradan qaldırılması və zərər çəkmiş regionların sosial-iqtisadi inkişafı məqsədilə altı dövlət proqramı həyata keçirilib.
Olqa Çemodanova qeyd edib ki, hazırda Belarusda 2026–2030-cu illəri əhatə edən “Əhalinin Təhlükəsizlik İnfrastrukturu” Dövlət Proqramı icra olunur. Onun sözlərinə görə, qəza sonrası dövrdə radioaktiv çirklənmə zonasında yerləşən 1657 yaşayış məntəqəsi normal həyat şəraitinə qaytarılıb. Eyni zamanda, radioaktiv parçalanma nəticəsində ölkə ərazisinin Sezium-137 ilə çirklənmiş sahəsi 1,8 dəfə, Stronsium-90 ilə çirklənmiş ərazilər isə təxminən 1,9 dəfə azalıb. O əlavə edib ki, radioaktiv çirklənmə zonalarında yerləşən yaşayış məntəqələrinin sayı da 45 faiz azalıb ki, bu da həyata keçirilən dövlət siyasətinin effektivliyini göstərir.