"Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin simvoludur" - ŞƏRH EDİLDİ

15 İyun 2026 13:44 (UTC+04:00)

"Şuşa Bəyannaməsi sadəcə iki dövlət arasında imzalanmış növbəti sənəd deyil. Bu sənəd Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini və strateji müttəfiqliyin yeni mərhələyə yüksəldilməsini təmin edən mühüm tarixi sənəddir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bəyannamənin məhz Şuşa şəhərində, Milli Qurtuluş Günündə və Natəvanın ev-muzeyinin qarşısında imzalanması xüsusi rəmzi məna daşıyırdı. İşğal dövründə dağıdılmış və xarabalığa çevrilmiş bu tarixi məkanın önündə imzalanan sənəd dünyaya açıq bir mesaj idi: evlərimizi dağıtmaq, şəhərlərimizi viran qoymaq mümkündür, lakin xalqımızın iradəsini qırmaq mümkün deyil. Azərbaycan və Türkiyə qardaşlığı bütün çətinliklərə baxmayaraq daha da güclənərək yoluna davam edir.

Bu hadisə həm də onu göstərdi ki, Azərbaycan xalqı nə qədər ağır sınaqlarla üzləşsə də, öz gücü və qətiyyəti sayəsində yenidən ayağa qalxmağı bacarır. Şuşada imzalanan Bəyannamə Azərbaycanın tarixi ədaləti bərpa etməsinin, milli birliyinin və dövlət gücünün rəmzinə çevrilmişdir.

Xüsusilə Milli Qurtuluş Gününün seçilməsi dərin məna daşıyır. Bu seçim bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı tarixinin taleyüklü məqamlarında doğru qərarlar verməyi, çətinliklərdən çıxış yolu tapmağı və dövlətçiliyini qorumağı bacaran bir xalqdır. Necə ki, 1993-cü ildə dövlətçiliyimizin xilası təmin olundu, eləcə də 2021-ci ildə Şuşada verilən bu mesaj xalqımızın və dövlətimizin gücünü bir daha dünyaya göstərdi.

Şuşa Bəyannaməsi bu gün Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin və ortaq gələcəyə inamının ən mühüm simvollarından biri kimi tarixdə qalmaqdadır".