“Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəltdi” ŞAMİL AYRIM

15 İyun 2026 13:33 (UTC+04:00)

“15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələlərindən biri hesab olunur. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, həm də dövlət müstəqilliyinin qorunması, ölkədə sabitliyin bərpası və inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından dönüş nöqtəsi kimi dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyə AK Partiya millət vəkili, Türkiyə–Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı:

” Dövlət idarəçiliyində yaranmış böhran, iqtisadi tənəzzül, daxili qarşıdurmalar və xarici təhdidlər ölkənin gələcəyini təhlükə altına salmışdı. Belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin qorunması və milli maraqların təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, təhlükəsizlik mühiti formalaşdırıldı və iqtisadi islahatların əsası qoyuldu. Xüsusilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını sürətləndirərək ölkənin iqtisadi inkişafına yeni imkanlar yaratdı. Sonrakı dövrlərdə reallaşdırılan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və TANAP kimi strateji layihələr Azərbaycanın enerji təhlükəsizliyində və beynəlxalq əməkdaşlıq sistemində rolunu əhəmiyyətli dərəcədə artırdı.

Müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyası sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Zəfər ölkənin ərazi bütövlüyünün bərpasını təmin etməklə yanaşı, regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəldi və ölkə regional əməkdaşlığın əsas aktorlarından birinə çevrildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri dövlətin iqtisadi potensialını, idarəetmə imkanlarını və inkişaf modelini nümayiş etdirir. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, xüsusilə şəhərsalma, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq mövzularında təşkil olunan forumlar ölkənin beynəlxalq müstəvidə artan rolunu təsdiqləyir.

Bütün bu proseslər Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini yeni mərhələyə yüksəldən Şuşa Bəyannaməsinin prinsipləri ilə də uzlaşır. Şuşa Bəyannaməsi siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutmaqla yanaşı, Türk dünyasında inteqrasiyanın güclənməsinə və regional sabitliyin möhkəmlənməsinə xidmət edən mühüm strateji sənəd kimi qiymətləndirilir”.