“Sülh, təhlükəsizlik və firavanlıq naminə birləşmə dövlətlərin siyasi məsuliyyətidir” -TAHİR BUDAQOV

15 İyun 2026 12:18 (UTC+04:00)

“Yeni dünya nizamına transformasiya fonunda regional və qlobal təhlükəsizliyin təmin edilməsində partiya diplomatiyasının rolu getdikcə artır”.

SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: Qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda panel sessiyasında bildirib.

Tahir Budaqov qeyd edib ki, müasir dövrdə siyasi partiyalar yalnız daxili siyasi institutlar kimi deyil, həm də xalqlar arasında etimadın formalaşdırılması, dialoqun təşviqi və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verən mühüm aktorlar kimi çıxış edirlər.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığın inkişafına xüsusi önəm verir. Bu çərçivədə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar daxilində fəal iştirak və konstruktiv dialoqun təşviqi dövlətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edir.

YAP rəsmisi bildirib ki, partiyanın VII qurultayından sonra Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Şimali Makedoniya, Çin, Vyetnam, Kuba və Belarusun aparıcı siyasi partiyaları ilə əməkdaşlıq sənədləri imzalanıb, həmçinin beynəlxalq siyasi platformalarda partiyanın fəal iştirakı təmin olunub.

Tahir Budaqov vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirlər, o cümlədən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusuna həsr olunan beynəlxalq konfrans mövcud geosiyasi reallıqların müzakirəsi, əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxış zamanı bildirilib ki, konfransın panel sessiyaları siyasi dialoq, iqtisadi əməkdaşlıq və postmünaqişə dövründə bərpa-quruculuq məsələlərini əhatə etməklə regional və qlobal səviyyədə davamlı sülhün təşviqinə xidmət edir.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, növbəti plenar sessiya regional layihələr və transsərhəd əməkdaşlığın dayanıqlı sülhün iqtisadi əsaslarının formalaşdırılmasındakı roluna həsr olunacaq. O qeyd edib ki, sülh yalnız siyasi razılaşmalarla deyil, həm də qarşılıqlı iqtisadi maraqların reallaşdırılması ilə möhkəmlənir. Bu baxımdan açıq kommunikasiyalar, qarşılıqlı faydalı əməkdaşlıq və regional inteqrasiya Cənubi Qafqazın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.

Tahir Budaqov əlavə edib ki, “Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzusuna həsr olunacaq plenar sessiyada beynəlxalq təcrübənin öyrənilməsi, innovativ həllərin və rəqəmsal texnologiyaların tətbiqi məsələləri müzakirə ediləcək. Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri sosial-iqtisadi inkişafla yanaşı, turizm potensialının artırılması, tarixi irsin qorunması və mədəniyyətlərarası dialoqun genişləndirilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

Çıxışının sonunda Tahir Budaqov vurğulayıb ki, sülh, təhlükəsizlik və firavanlıq naminə səylərin birləşdirilməsi dövlətlərin gələcək nəsillər qarşısında əsas siyasi məsuliyyətidir. O qeyd edib ki, Şuşadan verilən mesajlar yalnız Cənubi Qafqaza deyil, bütün dünyaya ünvanlanır və bu çağırışların əsas mahiyyəti güclü dövlətçilik, qarşılıqlı hörmət, beynəlxalq hüquqa əsaslanan fəaliyyət və bərabərhüquqlu əməkdaşlıq yolu ilə davamlı sülhün təmin edilməsidir.