"1993-cü il iyunun 15-i Azərbaycan tarixinin ən mühüm və taleyüklü günlərindən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilərək ölkənin xilası missiyasını öz üzərinə götürdü. 1997-ci ildə isə Milli Məclisin qərarı ilə 15 İyun rəsmi dövlət bayramı – Milli Qurtuluş Günü elan edildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, 1987-ci ildə Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra Azərbaycanda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşmağa başladı:
"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənir, Qarabağda işğalçılıq siyasəti dərinləşirdi. Daxildə isə siyasi çəkişmələr, idarəetmədəki ciddi nöqsanlar və xaos ölkəni dərin böhrana sürükləmişdi. Dövlət əmlakı talan edilir, qanunsuz silahlı dəstələr müxtəlif bölgələrdə özbaşınalıq yaradır, Kəlbəcərin işğalı vəziyyəti daha da ağırlaşdırırdı. Vətəndaş qarşıdurması təhlükəsi real xarakter almış, Azərbaycan dövlət müstəqilliyini itirmək riski ilə üz-üzə qalmışdı.
Belə bir ağır məqamda, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və ölkə rəhbərliyinin çağırışına cavab verərək Bakıya qayıtdı. O, vəziyyətin sabitləşdirilməsi üçün dərhal fəaliyyətə başladı və həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə yollandı. Burada yaranmış gərginliyin aradan qaldırılmasında mühüm rol oynadı və ölkənin vətəndaş müharibəsinə sürüklənməsinin qarşısını aldı.
1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev qarşısında duran məsuliyyəti dərindən dərk edərək bəyan etmişdi:
"Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm".
Ulu Öndərin rəhbərliyi ilə ölkədə sabitliyin bərpası istiqamətində mühüm addımlar atıldı. İctimai asayiş təmin edildi, qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı, nizami ordu quruculuğuna başlanıldı. Qarabağ cəbhəsində atəşkəs əldə olundu, iqtisadi inkişafın əsasını qoyan “Əsrin müqaviləsi” imzalandı. Yeni Konstitusiya qəbul edildi, demokratik dövlət quruculuğu və çoxpartiyalı siyasi sistemin formalaşması istiqamətində mühüm islahatlar həyata keçirildi. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini gücləndirdi və vətəndaşların dövlətə inamı bərpa olundu.
Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. O, işğal altında olan torpaqlarımızın bir gün azad ediləcəyinə daim inanırdı. Bu müqəddəs arzu 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərlə reallığa çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
Milli Qurtuluş Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasının, xalqın birlik və həmrəyliyinin, müstəqilliyin möhkəmləndirilməsinin rəmzidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
“Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.”
Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir, onun ideyalarına sadiq qalaraq müstəqil və güclü dövlət quruculuğu yolunda inamla irəliləyir".