İlqar Yusifov adına Goradil tam orta məktəbdə ənənəvi olaraq “Son zəng” tədbiri keçirilib

14 İyun 2026 13:06 (UTC+04:00)

Hər il olduğu kimi bu il də İlqar Yusifov adına Goradil tam orta məktəbdə ənənəvi olaraq “Son zəng” tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məzunlar öz sevincli və həyəcanlı anlarını bölüşdülər. Məzunların hazırladıqları musiqi nömrələri, səhnəciklər və rəqslər tədbirə xüsusi maraq və rəng qatdı.
SİA xəbər verir ki, tədbirdə çıxış edən məktəbin direktoru Rəmziyyə Heydərova məzunları həyatlarının bu əlamətdar günü münasibətilə təbrik etdi. Direktor çıxışında qeyd etdi ki, məktəb illəri insan həyatının ən unudulmaz dövrlərindən biridir. O, məzunlara gələcək təhsil və həyat yollarında uğurlar arzulayaraq bildirdi ki, əldə etdikləri bilik və bacarıqlar onların gələcək nailiyyətlərinin əsasını təşkil edəcək. Son zəngdə direktor yüksək bal toplayan məzmunlara Fəxri Fərman təqdim etdi.
Qeyd edək ki,
Rəmziyyə müəllimə çıxışı zamanı məktəbin ictimai həyatında fəallığı, müxtəlif müsabiqə və idman yarışlarında qazandıqları uğurlarla məktəbin adını dəfələrlə layiqincə təmsil etdiklərinə görə 4 “C” sinif şagirdləri Həsənzadə Xaqan, Həsənzadə Səlcanxatun və Həsənzadə Mehinbanunu xüsusi olaraq təbrik etdi. Bildirildi ki, onların əldə etdikləri nailiyyətlər digər şagirdlər üçün də nümunədir. Şagirdlərin əldə etdikləri nəticələr məktəbin direktoru tərəfindən diqqətdən kənar qalmadı və ibtidai təhsil pilləsini uğurla başa vurduqları üçün sertifikatla təltif olundu.

Xatırladaq ki, hər zaman öz uğurlu yetirmələri ilə fərqlənən ibtidai sinif müəllimi Abbasova Pərvanənin əməyi və zəhməti bu il də öz bəhrəsini verdi. Onun rəhbərlik etdiyi 4 “C” sinfində təhsil alan üçəmlər də öz nailiyyətləriylə fərqlənərək məktəbin uğurlarına dəyərli töhfə verdi.
Direktor həmçinin şagirdlərin təlim-tərbiyəsində əməyi olan müəllimlərə və valideynlərə təşəkkürünü ifadə etdi. Rəmziyyə müəllimə vurğuladı ki, şagirdlərin qazandıqları bilik, bacarıq və uğurların arxasında müəllimlərin fədakar əməyi, valideynlərin isə daim göstərdikləri diqqət, qayğı və dəstək dayanır.
Direktor həmçinin şagirdlərin təlim-tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında və onların gələcəyə inamla addımlamasında mühüm rol oynayan bütün müəllim heyətinə və valideynlərə dərin minnətdarlığını bildirdi. O qeyd etdi ki, məktəb, müəllim və valideyn əməkdaşlığı gənc nəslin uğurlu yetişməsinin əsas təməlidir və əldə olunan nəticələr bu birgə fəaliyyətin bəhrəsidir.
Məzunlar da öz növbələrində müəllimlərinə və valideynlərinə minnətdarlıqlarını bildirərək məktəb xatirələrinin onların həyatında hər zaman xüsusi yer tutacağını vurğuladılar.
Tədbirin sonunda ənənəvi “Son zəng” səsləndirildi. Bu zəng məzunlar üçün məktəb həyatının başa çatdığını, yeni arzulara və uğurlara aparan həyat yolunun isə başladığını simvolizə etdi.