Qiyməti uyğun yay istirahəti necə planlaşdırılmalıdır? - AÇIQLANDI

12 İyun 2026 16:58 (UTC+04:00)

Yay tətili günlərinin başlaması ilə vətəndaşlar həm daxili, həm də xarici tur paketlərinə daha çox maraq göstərirlər. Xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə tələbat nəzərəçarpacaq dərəcədə artıb. Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və Zəngilan istiqamətləri bu baxımdan daha çox seçilən bölgələr sırasındadır.

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O bildirib ki, müşahidələr göstərir ki, bu il orta büdcəli ailələr turizm seçimlərində daha aktivdir. Xaricə olan səfərlərdə isə aviabiletlərin qiymət artımı və bir sıra ölkələrdə müşahidə edilən inflyasiya tur paketlərinin ümumi dəyərinə də təsir göstərib. Bu səbəbdən daxili turizmə maraq daha da güclənib:

”Xüsusilə uzun yay tətili dövrü nəzərə alınaraq, həm uzaq məsafəli, həm də istirahət üçün uyğun bölgələrə tələbat yüksəkdir. Mütəxəssislər bildirirlər ki, Şəki və Şuşa kimi istiqamətlərdə otellərin erkən rezervasiyası daha məqsədəuyğundur. Çünki vaxt yaxınlaşdıqca tələbat artır və qiymətlərdə yüksəliş qaçılmaz olur.

Xarici turizm istiqamətində isə bu il ən çox tələbat Türkiyənin Antalya bölgəsinə yönəlib. Eyni zamanda Yunanıstanın Krit adasına birbaşa aviareyslərin təşkili Azərbaycan Hava Yolları tərəfindən həyata keçirilir ki, bu da turizm bazarına müsbət təsir göstərir. Bundan başqa, bəzi Avropa istiqamətlərinə də birbaşa uçuşlar mövcuddur və bu, səyahət imkanlarını daha əlçatan edir.

Ümumilikdə həm daxili, həm də xarici turizm üzrə erkən rezervasiya etmək tövsiyə olunur. Bu yanaşma həm daha sərfəli qiymət əldə etməyə, həm də daha geniş seçim imkanına şərait yaradır”.

Ayşən Vəli