Ölkədə psixi xəstələrin sayının artmasına əsas səbəblər nələrdir? - PSİXOLOQ AÇIQLADI

12 İyun 2026 16:41 (UTC+04:00)

2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb. Ümumilikdə ölkədə psixi xəstələrin sayı artıb. Bəs bunun əsas səbəbləri nələrdir?

Məsələ ilə psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, son dövrlər təəssüf ki, psixi və davranış pozuntuları olan insanların sayı artıb:

“Bunun səbəbləri isə müxtəlifdir. Bəzilərində buna səbəb telefon istifadəsinin həddindən artıq olması, gec saatlara qədər yatmamaqdır. Bəzilərində isə qidalanma ilə bağlı problemlər, yəni sinir sisteminə mənfi təsir göstərən qidalardan çox istifadə olunmasıdır.

Bəzi insanların uşaqlıqdan müəyyən psixi narahatlıqları olub, lakin vaxtında müalicə olunmayıblar. Son dövrlər isə onlar müxtəlif kənar təsirlərə məruz qaldıqları üçün vəziyyətləri daha da ağırlaşır.

Mənim müşahidə etdiyim məsələlərdən biri də odur ki, bəzi insanlar həkimdən çəkinərək psixiatr və ya nevroloqa müraciət etmirlər. Bəzən isə müraciət etdikdən sonra fərqli diaqnozlar qoyulur və buna uyğun fərqli müalicələr təyin edilir. Həmçinin bəzi hallarda müalicə kursu tam başa çatdırılmır, dərmanlar müəyyən müddət qəbul edildikdən sonra yarımçıq saxlanılır, daha sonra yenidən istifadəyə başlanılır. Bu da beyində baş verən funksional dəyişikliklərə mənfi təsir göstərə bilir.

Mən düşünürəm ki, son vaxtlar psixi problemlərin və davranış pozuntularının artmasının əsas səbəblərindən biri də gərgin və stresli həyat tərzidir. Xüsusilə şəhərdə yaşayan insanların daim gərgin olması, bir insanın yaşadığı problemlərin digər insanlara da mənfi təsir göstərməsi bu halların artmasına səbəb ola bilir.

Bəzi insanlar isə problemin səbəbini xüsusi qayğıya ehtiyacı olan uşaqlarla digər uşaqların birlikdə təhsil almasında görürlər. Lakin mən düşünürəm ki, son dövrlər uşaqlarda və yeniyetmələrdə davranış pozuntularının əsas səbəbləri nəzarətsiz qalmaq, yuxusuzluq, qidalanma problemləri, ayaqüstü qidaların çox istifadə olunması, mənşəyi məlum olmayan yağlarla hazırlanan qidaların qəbulu və telefon asılılığıdır”.