“Azərbaycanın xarici işlər naziri yaponiyalı həmkarı ilə telefon danışığı aparıb. Bu, hazırda baş verən beynəlxalq siyasi gərginliklərlə əlaqədardır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması Yaponiyanın neft təchizatında müəyyən problemlər yarada bilər:
“Yaponiya Azərbaycanın enerji resurslarına da maraq göstərir və bu məsələni nəzərdən keçirir. Bundan əvvəl də tərəflər arasında iqtisadi, humanitar, elmi və digər sahələrdə əməkdaşlıq mövcud olub. Yaponiya coğrafi baxımdan uzaqda yerləşsə də, Azərbaycanla müxtəlif istiqamətlərdə əlaqələrini inkişaf etdirib.
Hesab edirəm ki, Azərbaycan–Yaponiya münasibətlərində iqtisadi, elmi, texnoloji və digər sahələrdə əməkdaşlıq daha da genişlənə bilər. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, bir-birinin ərazi bütövlüyünün dəstəklənməsi və digər istiqamətlərdə əməkdaşlıq da bu münasibətlərin tərkib hissəsidir.
İki dövlət arasında demək olar ki, heç bir problem yoxdur və tərəflər arasında təxminən 400 milyon dollar həcmində ticarət dövriyyəsi mövcuddur. Bu göstəricini daha da artırmaq mümkündür.
Bir sözlə, Azərbaycan–Yaponiya münasibətləri yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf edir. Hesab edirəm ki, növbəti mərhələdə Yaponiya dünyanın müxtəlif regionlarında geo-iqtisadi məqsədlərini həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək. Bu baxımdan Yaponiyanın Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla əlaqələrə xüsusi önəm verməsi və mütəmadi məsləhətləşmələr aparması onun regiona artan marağından xəbər verir”.