“Müasir Azərbaycan dövlətçiliyi: Qurtuluşdan başlanan zəfər yolumuz” mövzusunda tədbir keçirilib - FOTOLAR

12 İyun 2026 16:30 (UTC+04:00)

İyunun 12-də Qəbələ rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası(YAP) Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Müasir Azərbaycan dövlətçiliyi:Qurtuluşdan başlanan zəfər yolumuz” mövzusunda tədbir keçirilib.

SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib,önünə gül dəstələri düzüblər.

Sonra tədbir Qəbələ rayon Mədəniyyət Mərkəzində davam edib. Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini- Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ətayə Osmanova 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə müasir dövlət quruculuğunun fundamental əsası qoyulub. Vurğulayıb ki, məhz Ümummilli Liderin uzaqgörən xilaskarlıq missiyası nəticəsində Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olub və bugünkü böyük zəfərlərimizin təməli qoyulub. O, Ulu Öndərin müəyyənləşdirdiyi strateji kursun bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin suverenliyinin tam bərpa olunması ilə bu qurtuluş fəlsəfəsinin öz tarixi zirvəsinə çatdığını diqqətə çatdırıb.

Çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov bildirib ki, Azərbaycanın inkişaf strategiyası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər göstərmiş, xilaskarlıq missiyası yerinə yetirmişdir. Abil Ağasəfov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlətimiz dünyada söz sahibidir.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyev dühasının Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin xilası yolundakı xidmətlərini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, Ümummilli Liderin formalaşdırdığı dövlətçilik strategiyası ölkənin intellektual potensialının qorunub saxlanılmasına və gələcək böyük uğurlara zəmin yaratmışdır. Ulu Öndərin gənclər siyasətinə verdiyi önəm xatırlanaraq qeyd edilmişdir ki, müasir Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiq qalaraq, dövlətin tərəqqisi və müstəqilliyinin qorunması naminə üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir.

Tədbir çərçivəsində YAP Qəbələ rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə tədbir başa çatıb.