Tramp razılaşmanın İran rəhbərliyi tərəfindən təsdiqləndiyi barədə məlumat aldığını açıqlayıb

12 İyun 2026 15:31 (UTC+04:00)

Tramp razılaşmanın İran rəhbərliyi tərəfindən təsdiqləndiyi barədə məlumat aldığını açıqlayıb. Jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, İranın Ali Lideri Müctəba Xameneinin razılaşmanı təsdiqləyib-təsdiqləmədiyi ilə bağlı suala onun cavabı müsbətdir: “Başa düşdüyüm qədəri ilə cavab bəlidir”, – deyə ABŞ prezidenti vurğulayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların artıq son mərhələyə çatdığını və sənədin əsas müddəaları üzrə razılıq əldə olduğunu bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, razılaşma yekunlaşdıqdan sonra Vaşinqton İran limanlarına tətbiq olunan dəniz blokadasını dərhal ləğv edəcək.

“Bundan sonra neft qiymətləri kəskin şəkildə aşağı düşəcək”, – deyə Tramp bildirib.

Qeyd edək ki, son saatlarda Tramp İranla razılaşmanın yaxın vaxtlarda əldə olunacağını dəfələrlə bəyan edib. Bununla belə, İran rəsmiləri hələlik ABŞ prezidentinin açıqlamalarını rəsmi şəkildə təsdiqləməyiblər.

Lətifə Abdıyeva