"Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı sadəcə olaraq bir liderin dövlət başçısı seçilməsi və ya hakimiyyət dəyişikliyi kimi qiymətləndirilməməlidir. Bu hadisə Azərbaycan tarixinin ən mürəkkəb və taleyüklü dövrlərindən birində baş verdi".
Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.

Onun sözlərinə görə, 1988-ci ildən etibarən Azərbaycanda genişmiqyaslı milli azadlıq hərəkatı başlamışdı: "Miqyasına görə bu hərəkat dünyanın müxtəlif ölkələrində baş vermiş oxşar proseslər arasında xüsusi yer tutur. Azərbaycan xalqı dövlət müstəqilliyinin əldə olunması, milli dövlətin qurulması və ərazi bütövlüyünün təmin edilməsi məqsədi ətrafında birləşmişdi. Müxtəlif siyasi baxışlara malik insanlar - kommunistlər, antikommunistlər və digər qruplar - Azərbaycan məsələsində vahid mövqe nümayiş etdirirdilər.
Xüsusilə 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra xalq daha da sıx birləşdi. Həmin hadisələr təkcə Azərbaycan tarixində deyil, bütövlükdə Sovet İttifaqının tarixində dönüş nöqtəsi oldu. Məhz həmin günlərdən sonra SSRİ-nin mövcudluğunu davam etdirməsinin mümkünsüz olduğu daha aydın görünməyə başladı.
Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdi. 1992-ci ildə isə Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi və milli dövlət quruculuğu istiqamətində addımlar atılmağa başladı. Lakin həmin dövrdə hakimiyyət dövlət idarəçiliyi və siyasi təcrübə baxımından ciddi çətinliklərlə üzləşirdi. Hakimiyyət daxilində birlik tam formalaşmamış, daxili fikir ayrılıqları və çəkişmələr mövcud idi.
Bununla yanaşı, ölkə həm daxili, həm də xarici təzyiqlərlə qarşılaşırdı. Xarici qüvvələrin təsiri, separatçı meyillərin gücləndirilməsi və Ermənistanın işğalçılıq siyasəti vəziyyəti daha da mürəkkəbləşdirirdi. Qarabağ və ətraf rayonlar işğal altında idi. Eyni zamanda ölkənin müxtəlif bölgələrində separatçı təşəbbüslər meydana çıxmışdı. Şimal bölgəsində müəyyən qüvvələr Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərir, cənubda isə qondarma qurum yaratmaq cəhdləri edilirdi.
Mövcud hakimiyyət bu proseslərin qarşısını almaqda çətinlik çəkirdi. Dövlət idarəçiliyində zəiflik, siyasi qarşıdurmalar və qeyri-sabitlik ölkəni ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Azərbaycan faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü.
Belə bir şəraitdə ölkənin tanınmış siyasi xadimləri, ziyalıları və geniş ictimaiyyət Heydər Əliyevin hakimiyyətə qayıtmasının zəruriliyini irəli sürdülər. Uzun illər dövlət idarəçiliyi təcrübəsinə malik olan, həm Azərbaycana rəhbərlik etmiş, həm də SSRİ rəhbərliyində yüksək vəzifələr tutmuş Heydər Əliyev yaranmış böhrandan çıxış üçün ən təcrübəli siyasi fiqur kimi qiymətləndirilirdi.
Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdı. İctimai-siyasi sabitliyin bərpası, dövlət idarəetmə mexanizmlərinin formalaşdırılması, xarici siyasətdə balansın yaradılması və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində ciddi işlər görüldü.
Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, ölkənin geosiyasi mövqeyi gücləndirildi və iqtisadi inkişafın əsasları qoyuldu. Xüsusilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayan tarixi hadisələrdən biri oldu.
Ümumilikdə dövlət quruculuğu, dövlət institutlarının yaradılması və müstəqil Azərbaycanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkənin gələcək inkişafının təməlini formalaşdırdı. Azərbaycanın dövlət kimi qorunub saxlanılması, sabitliyin təmin olunması və inkişaf yoluna çıxması baxımından həmin dövr xüsusi əhəmiyyət daşıyır.
Zaman keçdikcə bu dövrün əhəmiyyəti daha aydın görünəcək və tarix tərəfindən daha dərindən qiymətləndiriləcək. Bu, Azərbaycan tarixinin ən mühüm və taleyüklü mərhələlərindən biri kimi yadda qalacaqdır".