"Azərbaycanda Heydər Əliyevin uğurlarına əsaslanan dövlət idarəçiliyi mövcuddur" - POLİTOLOQ DANIŞDI

12 İyun 2026 13:24 (UTC+04:00)

"Sivilizasiyanın yaranmasından bəri liderlik anlayışı və onun zamanla keçdiyi inkişaf yolu daim tədqiqat mövzusu olmuşdur. Tarix boyu liderlər cəmiyyətlərin transformasiyasında mühüm rol oynamış, parçalanmış xalqları birləşdirmiş, mürəkkəb siyasi proseslərə rəhbərlik etmiş və ən çətin böhranlardan çıxış yolları tapmışlar. Onlar dövlətləri yalnız hakimiyyət vasitəsilə deyil, həm də ortaq ideyalar formalaşdırmaq, insanları məqsəd ətrafında səfərbər etmək və gələcək nəsillərə örnək olacaq dəyərlər yaratmaqla inkişaf etdirmişlər".

Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, tarixi təcrübə göstərir ki, dövlətlərin taleyi çox vaxt onların rəhbərlərinin siyasi iradəsindən, uzaqgörənliyindən və qəbul etdikləri qərarlardan asılı olur:

"Güclü liderlərin rəhbərlik etdiyi ölkələr inkişaf edir, vətəndaşların rifahı yüksəlir və dövlətçilik ənənələri möhkəmlənir. Məhz buna görə də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı naminə həyata keçirdiyi siyasət müasir Azərbaycanın təməl sütunlarından biri hesab olunur.

Heydər Əliyev həyatını və fəaliyyətini xalqının gələcəyinə həsr etmiş, qurduğu siyasi xəttin davamlılığını təmin etmək üçün möhkəm əsaslar yaratmışdır. O, gələcəyinə böyük inam bəslədiyi siyasi varis yetişdirmiş və Azərbaycan dövlətinin inkişaf strategiyasının davamlılığını təmin etmişdir. Bugünkü reallıqlar göstərir ki, Heydər Əliyevin ideyaları yaşayır, onun müəyyən etdiyi inkişaf yolu uğurla davam etdirilir.

Azərbaycan tarixində 15 İyun – Milli Qurtuluş Günü xüsusi əhəmiyyətə malikdir. Bu tarix təqvimin adi günlərindən biri deyil, xalqımızın taleyini dəyişən dönüş nöqtəsidir. Əminliklə demək olar ki, 15 İyun 1993-cü il hadisələri baş verməsəydi, sonrakı uğurların və bugünkü güclü Azərbaycanın formalaşması mümkün olmazdı".

Politoloq sözlərinə belə davam edib: "Heydər Əliyevin siyasi fəaliyyətinə verilən dəyər ən yüksək mərtəbədə, xalqımızın qəlbində qərarlaşıb. Heydər Əliyevin hafizəmizdə qalan xüsusiyyətlərindən biri onun yüksək natiqlik məharətidir. Tarix boyu söz və nitq hakimiyyətin əsas vasitələrindən biri olmuşdur. Böyük liderlər cəmiyyətləri müəyyən istiqamətə yönləndirmək, insanları ortaq məqsədlər ətrafında birləşdirmək üçün nitqin gücündən istifadə etmişlər. Heydər Əliyevin çıxışları, siyasi baxışları və ünsiyyət üslubu Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxmışdır.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, sonrakı illər ölkədə siyasi böhran, iqtisadi tənəzzül və idarəetmə problemləri ilə müşayiət olunurdu. Dövlət əmlakının talan edilməsi, qanunsuzluqların geniş yayılması, vətəndaş qarşıdurması təhlükəsi və anarxiya ölkənin gələcəyini ciddi təhdid altında qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə sabitliyin bərpasına nail oldu və dövlət idarəçiliyində əsaslı dönüş yaratdı.

Lakin qarşıda Azərbaycanı çətin və məsuliyyətli bir yol gözləyirdi. Heydər Əliyev ölkənin inkişafının əsas yolunu iqtisadi dirçəlişdə görürdü. Bu baxımdan 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixində mühüm mərhələ oldu. Müqavilə xarici investisiyaların ölkəyə cəlb edilməsinə, iqtisadiyyatın inkişafına və Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsinə şərait yaratdı.

Bu proses təkcə iqtisadi yüksəliş deyil, eyni zamanda Azərbaycanın xarici siyasət imkanlarının genişlənməsi, beynəlxalq əlaqələrinin möhkəmlənməsi və dünya birliyinə inteqrasiyasının sürətlənməsi demək idi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət institutları gücləndirildi və gələcək inkişaf üçün etibarlı zəmin formalaşdırıldı.

1993-cü il 15 iyun tarixində Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası kimi yaşayır. Xalqımız onun Azərbaycan naminə göstərdiyi xidmətləri və fədakarlıqları yüksək qiymətləndirir, xatirəsini dərin ehtiramla yad edir.

Bu gün Ulu Öndərin siyasi irsi uğurla davam etdirilir. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə həyata keçirilir. Nəticədə Azərbaycan regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirmiş və orta güc statusuna yüksəlmişdir.

Ulu Öndər Heydər Əliyev yalnız Azərbaycan dövlətçiliyinin deyil, həm də Azərbaycan xalqının xilaskarı kimi tariximizdə əbədi yer tutmuşdur. O, bütün həyatını xalqının rifahına, dövlətinin güclənməsinə və milli birliyin möhkəmlənməsinə həsr etmişdir.

Məhz onun müəyyən etdiyi siyasi kursun nəticəsidir ki, bu gün Azərbaycanın üçrəngli bayrağı ölkəmizin bütün suveren ərazilərində qürurla dalğalanır. Azərbaycanın əldə etdiyi uğurların təməlində xalqla hakimiyyət arasında möhkəm birlik, dövlətçilik prinsiplərinə sadiqlik və milli maraqlara əsaslanan siyasət dayanır. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə sadiqlik Yeni Azərbaycan Partiyasının, onun bütün üzvlərinin fəaliyyətinin məhək daşıdır.

Bu gün Azərbaycanda Heydər Əliyevin uğurlarına və dövlətçilik ideyalarına əsaslanan idarəçilik modeli mövcuddur. Bu model ölkənin davamlı inkişafını, milli maraqların qorunmasını və gələcək nəsillər üçün güclü dövlət quruculuğunu təmin edən əsas amillərdən biridir".