"Azərbaycanın müasir tarixində dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan tarixi hadisə 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix Azərbaycan dövlətinin parçalanmaq, müstəqilliyini itirmək və vətəndaş qarşıdurması təhlükəsi ilə üzləşdiyi mürəkkəb bir dövrdən çıxışının başlanğıcıdır. 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa edən Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı".
Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, dövlət idarəetmə sistemində yaranmış boşluq, daxili siyasi qarşıdurmalar, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı və iqtisadi tənəzzül ölkədə vəziyyəti son dərəcə gərginləşdirmişdi:
"1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz çox ciddi təhdidlərlə üz-üzə qalmışdı. Problemlər getdikcə artır, xaos dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Belə bir şəraitdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ölkənin gələcəyinin xilasını böyük siyasi təcrübəyə malik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdülər. Xalqın təkidli çağırışlarına cavab verən Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və ölkədə yaranmış böhranın aradan qaldırılması istiqamətində fəaliyyətə başladı. İyunun 15-də dahi şəxsiyyətin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Məhz buna görə həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət institutlarının fəaliyyəti bərpa edildi, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görüldü və mərkəzi hakimiyyətin mövqeləri gücləndirildi. Bununla yanaşı, dövlət quruculuğu prosesinin hüquqi və institusional əsasları formalaşdırıldı, milli maraqlara əsaslanan daxili və xarici siyasət kursu müəyyənləşdirildi.
Milli Qurtuluş dövrünün ən mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi oldu. Balanslaşdırılmış xarici siyasət kursu ölkənin milli maraqlarının qorunmasına, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə və iqtisadi inkişaf üçün əlverişli şəraitin formalaşmasına xidmət etdi. Sonrakı illərdə həyata keçirilən enerji strategiyası, iqtisadi islahatlar və ordu quruculuğu tədbirləri Azərbaycanın regional gücə çevrilməsinin əsasını qoydu.
1993-cü ildən başlanan inkişaf strategiyası sonrakı dövrlərdə də ardıcıl şəkildə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə mühüm uğurlar əldə etdi. Xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olundu. Bununla da Azərbaycanın qarşısında duran ən mühüm milli məqsədlərdən biri reallaşdırıldı. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilir, Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu proses həm regionun sosial-iqtisadi inkişafına, həm də ölkənin milli birliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti, mühüm beynəlxalq layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi çıxış edir. Ölkənin əldə etdiyi nailiyyətlərin əsasında isə 1993-cü ildə əsası qoyulmuş siyasi sabitlik, güclü dövlətçilik ənənələri və milli maraqlara söykənən inkişaf strategiyası dayanır.
Milli Qurtuluş Günü Azərbaycan tarixində yalnız bir təqvim günü deyil, dövlətçiliyin qorunmasının, siyasi uzaqgörənliyin və milli birliyin təntənəsinin simvoludur. Bu tarixi hadisə göstərdi ki, mürəkkəb geosiyasi şəraitdə güclü siyasi iradə, sabit idarəetmə və milli həmrəylik dövlətin inkişafının əsas şərtləridir. Məhz bu baxımdan 15 iyun müasir Azərbaycanın inkişaf yolunu müəyyənləşdirən taleyüklü dönüş nöqtəsi kimi xüsusi əhəmiyyət daşıyır".