"Soyuq silaha birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları, sair kəsici-deşici və qarışıq təyinatlı silahlar, məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar - beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir".
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov Fuad Məmmədov deyib.

Onun sözlərinə görə, həmin silah insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır:
"Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni zamanda, 229.4-cü maddəsinə uyğun olaraq, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mətbəx və cib bıçaqlarının üzərində gəzdirilməsi vətəndaş üçün heç bir məsuliyyət yaratmır. Bunlar soyuq silah hesab edilmir. Demək olar ki, bütün mağazalarda satılır və təsərrüfatda istifadə edilmək üçün nəzərdə tutulmuşdur.
Ov üçün istifadə edilən bıçaqların gəzdirilməsi hüquqi məsuliyyəti yaradır. Bunun üçün xüsusi lisenziya tələb olunur".