“İsti havalarda düzgün planlaşdırılmış fiziki fəaliyyət insan sağlamlığı üçün olduqca faydalıdır”
Yay mövsümündə havaların istiləşməsi insanların açıq havada daha çox vaxt keçirməsinə və fiziki fəaliyyətlə məşğul olmasına əlverişli şərait yaradır.
Bu fikirləri SİA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib.
Onun sözlərinə görə, mütəzəm idman və fiziki aktivlik ilin bütün fəsillərində olduğu kimi, isti havalarda da sağlamlığın qorunmasında mühüm rol oynayır: "Lakin yüksək temperatur şəraitində müəyyən qaydalara riayət etmək vacibdir.
Mütəzəm fiziki aktivlik ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, qan dövranını sürətləndirir, yüksək qan təzyiqi və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
Eyni zamanda bədən çəkisinin normada saxlanılmasına və artıq piylərin yandırılmasına şərait yaradır.
Fiziki fəaliyyət immun sistemini gücləndirir, stress və gərginliyi azaldır, yuxu keyfiyyətini yaxşılaşdırır. İdman zamanı ifraz olunan “xoşbəxtlik hormonları” – endorfinlər insanın əhval-ruhiyyəsini yüksəldir, depressiya və narahatlıq hallarının azalmasına kömək edir. Bundan əlavə, oynaq və sümük sisteminin sağlamlığını qoruyur, yaş artdıqca yaranan hərəkət məhdudiyyətlərinin qarşısını almağa yardım edir.
Bununla yanaşı, yüksək temperatur və rütubət bədənin həddindən artıq qızmasına səbəb olaraq istilik yorğunluğu və ya günvurma ilə nəticələnə bilər. Həddindən artıq tərləmə zamanı orqanizm çoxlu maye və mineral duzlar itirir ki, bu da susuzlaşma, başgicəllənmə, halsızlıq, ürəkbulanma və qıcolmalarla müşayiət oluna bilər. Xüsusilə şəkərli diabet, ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan şəxslər isti havada fiziki yüklənməyə qarşı daha həssas olurlar.
Yay aylarında idmanla məşğul olmaq üçün günün ən sərin saatları – səhər tezdən və ya axşamüstü daha münasib hesab edilir. Günəş şüalarının ən intensiv olduğu 11:00–17:00 saatları arasında açıq havada ağır fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə edilmir.
İdmandan əvvəl, məşq zamanı və məşqdən sonra kifayət qədər maye qəbul etmək vacibdir. Susuzluq hissi yaranmasını gözləmədən mütəmadi olaraq su içmək lazımdır. Yüngül, nəfəsalan və açıq rəngli geyimlər seçilməli, açıq havada məşq zamanı baş örtüyündən və günəşdən qoruyucu vasitələrdən istifadə edilməlidir.
Məşq zamanı ürəkbulanma, güclü halsızlıq, nəfəs darlığı, başgicəllənmə və ya ürəkdöyünmə hiss edilərsə, fiziki fəaliyyət dərhal dayandırılmalı, sərin yerə keçilməli və zərurət yarandıqda tibbi yardım alınmalıdır.
Nəticə etibarilə, isti havalarda düzgün planlaşdırılmış fiziki fəaliyyət insan sağlamlığı üçün olduqca faydalıdır. Bununla belə, yüksək temperaturun yaratdığı risklər nəzərə alınmalı, məşq üçün uyğun saatlar seçilməli, orqanizmin həddindən artıq yüklənməsinin qarşısı alınmalı və maye-mineral balansının qorunmasına xüsusi diqqət yetirilməlidir".
Lətifə Abdıyeva