“Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin yaxın gələcəkdə imzalana biləcəyinə dair ümid ifadə etməsi Ankaranın Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və regional əməkdaşlığın təmin olunmasına verdiyi önəmi bir daha nümayiş etdirir. Türkiyə uzun müddətdir ki, regionda qarşıdurmaların aradan qaldırılmasını, dövlətlər arasında mehriban qonşuluq münasibətlərinin formalaşmasını və iqtisadi inteqrasiyanın gücləndirilməsini dəstəkləyən siyasət yürüdür”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə Ankara hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı ola bilər:
”Belə bir sənəd regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə, beynəlxalq investisiyaların artmasına, nəqliyyat və logistika layihələrinin daha səmərəli fəaliyyət göstərməsinə, eləcə də iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı baxımından regionda sabitliyin təmin olunması böyük əhəmiyyət daşıyır.
Bununla yanaşı, yekun sülh sazişinin imzalanması yalnız siyasi bəyanatlar və diplomatik təşəbbüslərlə məhdudlaşmır. Azərbaycan dəfələrlə bəyan edib ki, sülhün dayanıqlı və uzunmüddətli olması üçün mövcud hüquqi və siyasi maneələr aradan qaldırılmalıdır. Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsini və iki ölkə arasında münasibətlərin beynəlxalq hüquq normaları əsasında formalaşdırılmasını vacib şərt kimi irəli sürür. Azərbaycan tərəfi hesab edir ki, gələcək sülh sənədi yalnız bu halda etibarlı və davamlı ola bilər.
Türkiyənin məsələyə optimist yanaşması həm də region ölkələrinin ortaq maraqlarından irəli gəlir. Ankara yaxşı anlayır ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması təkcə iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyi və rifahı baxımından mühüm əhəmiyyət daşıyır. Sülh sazişinin imzalanması regional əməkdaşlıq imkanlarını genişləndirə, yeni iqtisadi layihələrin həyata keçirilməsinə şərait yarada və beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin fəaliyyətini daha da gücləndirə bilər.
Bu baxımdan Türkiyənin verdiyi mesaj yalnız diplomatik dəstək xarakteri daşımır. Eyni zamanda, bu mövqe tərəfləri qarşılıqlı etimadın artırılmasına, mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına və yekun sülh razılaşmasına nail olunmasına təşviq edən mühüm siyasi çağırış kimi qiymətləndirilə bilər. Regionda davamlı sülhün bərqərar olması həm Azərbaycan, həm Ermənistan, həm də bütün Cənubi Qafqaz üçün yeni inkişaf imkanlarının açılması deməkdir”.