“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin növbədənkənar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
SİA xəbər verir ki, müzakirələr zamanı deputat Azər Əmiraslanov hesabatı təqdim edib.
O bildirib ki, dövlət büdcəsinin icrası ölkənin maliyyə idarəçiliyinin nəticələrinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və bu sahədə aparılan islahatlar şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsinə yönəlib.
Qeyd olunub ki, dövlət maliyyəsinin effektiv idarə olunması təkcə iqtisadi deyil, həm də sosial rifah, iqtisadi sabitlik və dövlət təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb edir.
Çıxışda vurğulanıb ki, dövlət büdcəsinin icrası yalnız gəlir və xərclərin yerinə yetirilməsi ilə məhdudlaşmır, əsas göstərici ayrılmış vəsaitlər hesabına əldə edilən nəticələr və dövlət proqramlarının səmərəli icrasıdır.
Bildirilib ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat təşkil edib. Bu göstərici proqnozdan 2,2 faiz, 2024-cü illə müqayisədə isə 5,4 faiz çoxdur.
Eyni zamanda qeyd olunub ki, hesabat dövründə sosial siyasət prioritet istiqamət kimi davam etdirilib, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılıb.
Müzakirələrdə vurğulanıb ki, əldə olunan nəticələr ölkədə makroiqtisadi sabitliyin qorunmasına və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir.