“1993-cü ildə əsası qoyulan siyasi kurs bu gün tarixi nəticələrini verir” - Vüqar İskəndərov

12 İyun 2026 11:31 (UTC+04:00)

"Bu gün əldə etdiyimiz bütün uğurların təməli 1993-cü ildə qoyulmuşdur. Həmin dövrdə Azərbaycan ağır siyasi böhran, vətəndaş qarşıdurması və separatçılıq meyilləri ilə üz-üzə qalmışdı".

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə milli qurtuluş və dövlətçiliyin yeni mərhələsi başlayıb.

O qeyd edib ki, qısa müddətdə ictimai-siyasi sabitlik bərpa olunub, ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb və iqtisadi islahatların əsası qoyulub.

Vüqar İskəndərov vurğulayıb ki, bu siyasətin nəticəsi olaraq Azərbaycan güclü dövlətə çevrilib və bu xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Deputat əlavə edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

O bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır və Azərbaycan bayrağı işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanır.