“Azərbaycan xalqı uzun illər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olsa da, onun fəaliyyəti uzun sürmədi və ölkə 1920-ci ildə sovet işğalına məruz qaldı”.
SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Zahid Oruc parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ölkənin inkişafında yeni mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, həmin dövrdə iqtisadiyyatın, təhsilin, elmin və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılıb, milli kadrların hazırlanmasına xüsusi önəm verilib.
Zahid Oruc qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşib, Qarabağ müharibəsi və daxili siyasi qarşıdurmalar ölkəni ağır vəziyyətə salıb. O vurğulayıb ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin möhkəmləndirilməsi və sabitliyin bərpasında dönüş nöqtəsi olub.
Deputatın sözlərinə görə, həmin dövrdə həyata keçirilən dövlət quruculuğu siyasəti Azərbaycanın gələcək inkişafının əsaslarını formalaşdırıb, ölkənin iqtisadi və siyasi gücü, eləcə də beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.
Zahid Oruc bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağda əldə olunan tarixi Zəfər uzunmüddətli məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun və xalqın birliyinin nəticəsidir. O qeyd edib ki, Qurtuluşdan Zəfərə gedən yol milli həmrəyliyin və müstəqil dövlətçilik ənənələrinin möhkəmlənməsinin parlaq nümunəsidir.