“Milli Qurtuluşdan Zəfərə: müstəqil Azərbaycanın yüksəliş yolu” - TƏDBİR - FOTOLAR

11 İyun 2026 18:01 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan Zəfərə: müstəqil Azərbaycanın yüksəliş yolu” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Veteranlar Şurasının üzvü, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü və “91”lərdən olan Sudeyif İmamverdiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rasim Musabəyov və Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digər natiqlər Milli Qurtuluş Gününün siyasi və tarixi əhəmiyyətindən bəhs edərək bu günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndiriblər.

Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə və Azərbaycanın parçalanma, eləcə də vətəndaş müharibəsi təhlükəsindən xilas olmasına imkan yaradıb. Qeyd olunub ki, Ulu Öndər qısa müddət ərzində milli dövlətçiliyin möhkəm təməlini formalaşdıraraq Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasını təmin edib.

Natiqlər bildiriblər ki, Milli Qurtuluş Günü müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi tanınması, iqtisadi inkişafının sürətlənməsi, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə xarakterizə olunan inkişaf yolunun başlanğıc nöqtəsidir.

Tədbirin sonunda yubiley yaşı qeyd olunan partiya veteranları, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan üzvlərə partiya vəsiqələri təqdim edilib.