“Bəyannamə üç ölkə arasında yeni hədəfləri müəyyənləşdirir” - ŞƏRH

11 İyun 2026 16:38 (UTC+04:00)

“İstanbulda keçirilən Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin 10-cu Üçtərəfli Görüşü çərçivəsində qəbul edilən İstanbul Bəyannaməsi Cənubi Qafqaz və daha geniş region üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyan sənəddir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bəyannamə üç ölkə arasında formalaşmış əməkdaşlıq modelinin davamlılığını təsdiqləməklə yanaşı, regional sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat əlaqələrinin inkişafı istiqamətində yeni hədəfləri də müəyyənləşdirir:

“İlk növbədə, sənəd Azərbaycan, Türkiyə və Gürcüstan arasında uzun illər ərzində qurulmuş strateji tərəfdaşlığın növbəti mərhələyə keçdiyini nümayiş etdirir. Bu üç ölkə artıq təkcə siyasi dialoq platforması deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm enerji, nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi qlobal əhəmiyyətli layihələr məhz bu əməkdaşlığın nəticəsidir.

İstanbul Bəyannaməsində regional əlaqəliliyin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi Azərbaycanın təşəbbüsü ilə formalaşan Orta Dəhlizin əhəmiyyətinin artdığını bir daha təsdiqləyir. Müasir geosiyasi şəraitdə Avropa və Asiya arasında alternativ və təhlükəsiz nəqliyyat marşrutlarına tələbatın yüksəlməsi Azərbaycan, Türkiyə və Gürcüstanın strateji rolunu daha da artırır. Bu baxımdan bəyannamə regionun beynəlxalq ticarət sistemində mövqeyinin möhkəmlənməsinə xidmət edir. Sənədin mühüm məqamlarından biri də regional təhlükəsizlik və sabitlik məsələlərinə verilən önəmdir. Üç ölkənin suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə dəstəyini bir daha ifadə etməsi regionda uzunmüddətli sülhün təmin olunmasına töhfə verən mühüm siyasi mesajdır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bu mövqe daha böyük əhəmiyyət kəsb edir. Bəyannamə eyni zamanda göstərir ki, Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət kursu beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionda yaratdığı əməkdaşlıq və qarşılıqlı etimad mühiti artıq konkret siyasi və iqtisadi nəticələr verməkdədir. Türkiyə və Gürcüstanla münasibətlərin davamlı inkişafı Azərbaycanın regional liderlik mövqeyini daha da gücləndirir.

İstanbul Bəyannaməsi sadəcə diplomatik sənəd deyil, həm də Cənubi Qafqazda əməkdaşlıq, sabitlik və inkişafın gələcək istiqamətlərini müəyyən edən strateji yol xəritəsidir. Bu sənəd üç dost və tərəfdaş ölkənin ortaq maraqlar əsasında regionun gələcəyini birlikdə formalaşdırmaq əzmində olduğunu nümayiş etdirir və Azərbaycanın regional siyasətinin uğurlarını bir daha təsdiqləyir”.