Fransa, Böyük Britaniya və Almaniyanın Rusiyadakı səfirləri – Nikolas de Rivyer, Naycel Keysi və Aleksandr Lambsdorff Rusiya Xarici İşlər Nazirliyinə gələrək xarici işlər nazirinin müavini ilə görüşüblər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, diplomatlar jurnalistlərin suallarını cavablandırmadan nazirliyin binasına daxil olublar. Səfirləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qəbul edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 10-da bildirmişdi ki, Böyük Britaniya, Fransa və Almaniya səfirləri Ukrayna münaqişəsini müzakirə etmək məqsədilə onun müavini ilə görüşmək istədiklərini çatdırıblar.
Lavrov həmçinin xatırladıb ki, 2024-cü ilin martında Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqına üzv ölkələrin səfirlərini Rusiyada keçirilən prezident seçkilərinə müdaxilə cəhdləri ilə bağlı izahat vermək üçün nazirliyə dəvət etmişdi. Onun sözlərinə görə, Aİ diplomatları görüşə iki gün qalmış iştirakdan imtina etmişdilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həmin qərarı peşəkar diplomatik təcrübəyə zidd addım kimi qiymətləndirmişdi.
Lətifə Abdıyeva