Türkiyə İran və ABŞ-ı danışıqlar masasına qayıtmağa çağırıb

11 İyun 2026 16:06 (UTC+04:00)

Ankara ABŞ və İran arasında gərginliyin daha da artmaması üçün tərəfləri təmkinli davranmağa və danışıqları bərpa etməyə çağırıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan cümə axşamı Sofiyada bolqarıstanlı həmkarı Velislava Petrova-Çamova ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, tərəflər zərbələri mümkün qədər tez dayandırmalı və danışıqlar masasına qayıtmalıdır.

“Biz tərəflərə hərbi əməliyyatları dayandırmağı, danışıqları bərpa etməyi və yekunlaşmağa çox yaxın olan saziş mətnini tamamlamağı tövsiyə edirik”, – deyə Fidan vurğulayıb.

Nazirin sözlərinə görə, son günlərdə aparılan danışıqlar elə bir mərhələyə çatmışdı ki, sənəd üzrə yalnız bir neçə mühüm məqamın razılaşdırılması qalırdı. O bildirib ki, hazırda davam edən qarşılıqlı zərbələr regionda daha geniş eskalasiya riskini artırır və bu vəziyyət Ankaranı ciddi şəkildə narahat edir.

Hakan Fidan qeyd edib ki, hərbi əməliyyatların genişlənməsi və gərginliyin artması heç bir tərəfin maraqlarına xidmət etmir və problemin yeganə həll yolu diplomatik dialoqdan keçir.

Lətifə Abdıyeva