Kanadada yeniyetmələr üçün sosial media qadağası təklif edilir

11 İyun 2026 14:44 (UTC+04:00)

Kanada hökuməti 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediadan istifadəni məhdudlaşdıran yeni qanun layihəsi təqdim etməyə hazırlaşır.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşəbbüs ötən ilin sonunda Avstraliyada qəbul edilən oxşar qanuna bənzəsə də, bəzi mühüm fərqlərlə seçilir.

Təklifə əsasən, texnologiya şirkətləri yetkinlik yaşına çatmayan istifadəçilərə dəyən zərəri minimuma endirmək üçün effektiv təhlükəsizlik mexanizmləri tətbiq etdiklərini sübut edə bilsələr, qadağadan istisna oluna bilərlər.

Qanun layihəsində həmçinin süni intellekt əsaslı çatbotların fəaliyyətinin tənzimlənməsi və onlayn platformalarda “zərərli məzmun”un yayılmasının məhdudlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə texnologiya şirkətlərinin qanunvericiliyə əməl etməsinə nəzarət edəcək xüsusi tənzimləyici qurumun yaradılması planlaşdırılır.

Bununla belə, bəzi söz azadlığı müdafiəçiləri yeni qaydaların senzuranın genişlənməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Təşəbbüs valideynlərin və ictimai təşkilatların uşaqların internetdə təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı çağırışlarının artdığı bir dövrdə irəli sürülür. Eyni zamanda, Böyük Britaniya da daxil olmaqla bir sıra ölkələr oxşar məhdudiyyətlərin tətbiqini nəzərdən keçirirlər.

Qanun layihəsinin gələn həftə Fransada keçiriləcək G7 sammiti ərəfəsində təqdim olunması diqqət çəkir. Gözlənilir ki, sammitdə dünya liderləri süni intellektin tənzimlənməsi və uşaqların onlayn zərərlərdən qorunması məsələlərini geniş müzakirə edəcəklər.

Lətifə Abdıyeva