Albaniyanın paytaxtı Tiranda minlərlə insan sahilyanı Zvernec bölgəsində planlaşdırılan turizm layihəsinə etiraz etmək üçün küçələrə çıxıblar.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq 11-ci gündür ki, davam edən aksiyalarda iştirakçılar “Albaniya satılmır” şüarı ilə Skanderbeq meydanında toplaşaraq baş nazirin ofisinə doğru yürüş ediblər.
Etirazçılar Vlora bölgəsində həyata keçirilməsi nəzərdə tutulan turizm layihəsinə qarşı çıxıblar. Nümayişçilər iddia edirlər ki, Zvernec ərazisindəki çimərliklərdən biri ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerlə əlaqələndirilən layihə çərçivəsində satıla bilər.
Aksiya iştirakçıları Albaniya bayraqları və hökumətin siyasətini tənqid edən plakatlar qaldıraraq ölkənin milli maraqlarının təhlükə altında olduğunu bildiriblər.
Etirazlar zamanı 9–11 iyun tarixlərində Albaniyada keçirilən İsrail Mədəniyyət Həftəsi də tənqid olunub. Nümayişçilərin reaksiyasından sonra paytaxtın mərkəzi küçələrində yerləşdirilmiş İsrail bayraqları və reklam bannerlərinin böyük hissəsi yığışdırılıb.
Etirazçı fəal Akil Kala bildirib ki, onların əsas tələbi hökumətin istefasıdır. Onun sözlərinə görə, hökumət ölkənin iqtisadi problemlərini həll etmək əvəzinə torpaqların satışına şərait yaradır.
“İnsanlar torpaqlarımızın satılmasına etiraz etmək üçün buraya toplaşıblar. Biz bunun baş verməsini istəmirik”, – deyə Kala vurğulayıb.
Jurnalist və fəal Eqon Loli isə bildirib ki, etirazlar yalnız kurort layihəsinə qarşı deyil, həm də ölkədəki siyasi idarəetmə modelinə və qeyri-şəffaf qərarların qəbul edilməsinə qarşı yönəlib.
Fəal Floriar Arapi xatırladıb ki, etirazlar əvvəlcə Zvernecdə başlayıb və sonradan ölkə miqyasında diqqət çəkib. Onun sözlərinə görə, bir çox alban vətəndaşı layihəni ölkənin torpaq və sərvətlərinin xarici maraqlara verilməsi kimi qiymətləndirir.
Arapi həmçinin Albaniyanın son illərdə İsrail şirkətləri ilə imzaladığı bəzi razılaşmaların cəmiyyətdə narahatlıq yaratdığını və bu mövzunun da etirazların gündəmində yer aldığını bildirib.
Lətifə Abdıyeva