Vətəndaş əlillik dərəcəsi ilə bağlı hansı hüquqi yardımlardan istifadə edə bilər? -HÜQUQŞÜNAS DANIŞDI

11 İyun 2026 14:33 (UTC+04:00)

“Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir:

“Əlillik 1 il, 2 il, 5 il və müddətsiz müəyyən edilir.
Aşağıdakı hallarda əlillik müddətsiz müəyyən olunur
- “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir.
- Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
- “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.
Şəxsin əlilliyi hansı səbəblərə əsasən müəyyən edilir:
- ümumi səbəblərdən:
- ümumi xəstəlik;
- istehsalat zədəsi;
- peşə xəstəliyi;
- çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
- hərbi xidmət dövrü ilə əlaqədar;
- hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
- terror hadisəsi ilə əlaqədar.
- xüsusi səbəblərdən:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;
- Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar.
Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
Orqanizmin funksiyalarının pozulması faizləri:
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.
İnsanın həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması dərəcələri:
- xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz;
- xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz;
- xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti
kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında – 31-60 faiz.
Agentliyin (Əlillik dərəcəsini təyin orqan) isə vətəndaşı əyani müayinəyə cəlb etməlidir. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin Komissiyası 15 iş günü müddətində baxılmalıdır.
Həmin Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Əgər vətəndaş əyani müayinə edildikdən sonra əlillik dərəcəsindən razı olmadıqda bu zaman məhkəməyə müraciət etmək hüququ var”.