"Regionda əməkdaşlıq təhlükəsizliyə mühüm töhfə verir" - ŞƏRH EDİLDİ

11 İyun 2026 14:29 (UTC+04:00)

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak edib".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq münasibətlər üzrə tədqiqatçı Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, bu fonda qeyd edə bilərik ki, hazırda dünyada geosiyasi vəziyyət sürətlə dəyişir, yeni münaqişələr baş verir, mövcud təhlükəsizlik sistemləri yenidən formalaşır və yeni əməkdaşlıq platformalarının yaradılmasına ehtiyac artır: "Bu baxımdan Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Bu üç ölkə tarixi, coğrafi və strateji baxımdan mühüm mövqeyə malikdir. Onların əməkdaşlığı regionda təhlükəsizliyin möhkəmlənməsinə, nəqliyyat və logistika imkanlarının genişlənməsinə, eləcə də Şərqlə Qərb arasında yeni əlaqə zəncirinin formalaşmasına xidmət edir.

Xüsusilə Orta Dəhlizin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi baxımından bu əməkdaşlıq böyük perspektivlər vəd edir. Mən hesab edirəm ki, mövcud şəraitdə bu proseslər daha ciddi qiymətləndirilməli, qarşılıqlı fəaliyyət daha da genişləndirilməli və əməkdaşlığın nəticələri praktik uğurlara çevrilməlidir".