“Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin İstanbulda keçirilən onuncu üçtərəfli görüşü regionda formalaşmış əməkdaşlıq modelinin davamlılığını və aktuallığını bir daha nümayiş etdirib. Xüsusilə son illərdə beynəlxalq münasibətlər sistemində artan geosiyasi rəqabət, enerji və ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar, eləcə də qlobal təchizat zəncirlərində yaranan problemlər fonunda bu formatın əhəmiyyəti daha da artıb”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, Ceyhun Bayramov tərəfindən səsləndirilən fikirlər də mövcud beynəlxalq reallıqların yaratdığı zərurəti əks etdirib: ”Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq platforması uzun illərdir regionun ən effektiv çoxtərəfli əməkdaşlıq mexanizmlərindən biri kimi formalaşıb. Bu formatın əsas üstünlüyü onun real və praktik nəticələr verməsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr bu əməkdaşlığın konkret nəticələri olaraq regional inteqrasiyanın yeni modelini formalaşdırıb. Bu layihələr həm iştirakçı ölkələrin iqtisadi maraqlarına xidmət edir, həm də Avropanın enerji təhlükəsizliyi və Avrasiya məkanında alternativ nəqliyyat marşrutlarının inkişafına mühüm töhfə verir.
Müasir beynəlxalq şəraitdə üç ölkə arasında əməkdaşlıq artıq yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır. Son illərdə təhlükəsizlik, müdafiə, enerji keçidi, rəqəmsal transformasiya və regional bağlantılar kimi istiqamətlər də gündəliyin əsas hissəsinə çevrilib. Xüsusilə Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı dövrdə Bakı, Ankara və Tbilisi arasında siyasi koordinasiyanın gücləndirilməsi regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq formatının mühüm xüsusiyyətlərindən biri onun inklüziv xarakteridir. Üçtərəfli platforma heç bir üçüncü tərəfə qarşı yönəlməyib və əsas məqsəd regionda qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. Bu baxımdan tərəflər arasında koordinasiyanın güclənməsi Cənubi Qafqazın qlobal iqtisadi və nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirir.
Hazırda Orta Dəhlizin inkişafı, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi və enerji marşrutlarının şaxələndirilməsi bu əməkdaşlığı daha da strateji əhəmiyyətli edir. Azərbaycan enerji və logistika mərkəzi, Gürcüstan tranzit qovşağı, Türkiyə isə Avropa ilə Asiyanı birləşdirən əsas körpü rolunu oynayır. Bu qarşılıqlı sinerji regionun geoiqtisadi əhəmiyyətini artıran əsas faktorlardan biridir.
İstanbul görüşü bir daha göstərib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatı təkcə diplomatik məsləhətləşmə platforması deyil, eyni zamanda regional təhlükəsizlik, iqtisadi inkişaf və strateji bağlantıların gücləndirilməsinə xidmət edən mühüm əməkdaşlıq mexanizmidir”.