"Mövsümi işlərdə rəsmi qeydiyyat məsələsinə xüsusi diqqət yetirilməlidir" - EKSPERT RƏYİ

11 İyun 2026 12:52 (UTC+04:00)

İstər mövsümi işlərdə, istərsə də digər əmək fəaliyyətlərində tez-tez rast gəlinən problemlərdən biri işçilərin rəsmi şəkildə qeydiyyata alınmamasıdır. Bir çox hallarda vətəndaşlar müəyyən işlərdə muzdlu əsaslarla çalışsalar da, onlarla əmək müqaviləsi bağlanılmır və əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmir.

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli bildirib.

Onun sözlərinə görə, bu baxımdan nəticədə işçilər üçün sosial sığorta və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişlər həyata keçirilmir: "Bu isə gələcəkdə onların əmək stajının formalaşmasına, pensiya təminatına, sosial müavinətlərə və digər əmək hüquqlarına mənfi təsir göstərə bilər. Eyni zamanda, əmək münasibətlərinin qeyri-rəsmi olması həm işçi, həm də işəgötürən üçün müxtəlif risklər yaradır. Mübahisəli hallarda işçinin öz hüquqlarını müdafiə etməsi çətinləşir, işəgötürən isə qanunvericiliyin tələblərini pozduğuna görə məsuliyyət daşıya bilər.

Buna görə də vətəndaşlar iş təkliflərini qəbul edərkən əmək müqaviləsinin bağlanılıb-bağlanılmadığına, rəsmi qeydiyyatın aparılmasına və sosial sığorta ödənişlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirməlidirlər. Əmək münasibətlərinin qanuni şəkildə rəsmiləşdirilməsi həm işçinin sosial təminatının qorunmasına, həm də əmək bazarında şəffaflığın artırılmasına xidmət edir".

Lətifə Abdıyeva