İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İrana qarşı həyata keçirdiyi son zərbələrə cavab olaraq bölgədəki Amerika hərbi obyektlərinə, xüsusilə də Küveyt, Bəhreyn və İordaniya ərazisində yerləşən bazalara qarşı qisas hücumları təşkil etdiyini bildirib. İran tərəfi hücumların ABŞ-ın son hərbi əməliyyatlarına cavab olduğunu vurğulayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ ordusunun ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İranda bir neçə hərbi hədəfə qarşı “özünümüdafiə məqsədli” zərbələr endirdiyini açıqlamışdı. Bildirilir ki, hücumlar hava hücumundan müdafiə sistemlərini, radar məntəqələrini və nəzarət obyektlərini hədəf alıb.
ABŞ Prezidenti Donald Trump isə İrana qarşı yeni zərbələrin mümkünlüyü barədə xəbərdarlıq edərək deyib: “Onlar özləri üçün çox yaxşı bir razılaşma əldə etmək üçün kifayət qədər vaxt sərf ediblər. İndi bunun bədəlini ödəməli olacaqlar.”
İran mediasının məlumatına görə, ABŞ hücumları nəticəsində Bəndər Abbas, Qeşm adası, eləcə də Sirik, Minab və Kərəc daxil olmaqla bir sıra bölgələrdə partlayışlar və dağıntılar qeydə alınıb.
İranın dövlət mediası həmçinin ölkə hərbi rəhbərliyinin Hörmüz boğazı üzərindən hərəkət edən neft tankerləri və ticarət gəmilərinə məhdudiyyət tətbiq etdiyini bildirib. Lakin ABŞ tərəfi boğazda kommersiya gəmiçiliyinin davam etdiyini açıqlayaraq İranın tam bağlanma ilə bağlı iddialarını təsdiqləməyib.
Bu arada İsrail ordusunun Livan ərazisinə zərbələri də davam edir. Yerli mənbələrin məlumatına görə, ölkənin cənubu və Bekaa Vadisi bölgəsində həyata keçirilən hücumlar nəticəsində yeni itkilər qeydə alınıb. Münaqişənin genişlənməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirib.
Lətifə Abdıyeva