“Heydər Əliyev həm SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə, həm də Moskvada yüksək vəzifələrdə çalışarkən respublikamızın inkişafı və xalqın rifahının yüksəldilməsi istiqamətində mühüm işlər görüb”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Novruz Quliyev İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda keçirilən tədbirdə deyib.
N.Quliyev qeyd edib ki, Ümummilli Liderin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı Azərbaycanı ciddi təhlükələrdən xilas etməklə yanaşı, dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub. Onun sözlərinə görə, bu qayıdış ölkədə sabitliyin bərqərar olunması, iqtisadi-siyasi inkişafın təmin edilməsi baxımından mühüm dönüş nöqtəsi kimi yadda qalıb.
AMEA-nın müxbir üzvü vurğulayıb ki, Heydər Əliyevin liderliyi ilə Azərbaycan müstəqilliyini möhkəmləndirib, dövlət institutlarını gücləndirib və beynəlxalq nüfuzunu artırıb. O əlavə edib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib.