İyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş məfkurəsi: xilaskarlıq missiyasından Zəfər salnaməsinə” mövzusunda tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu kimi müasir tariximizdə silinməz iz qoymuşdur: “Bilirsiniz ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız tarixinin son dərəcədə taleyüklü bir dövrünü yaşayırdı. Günü-gündən dərinləşən ictimai-siyasi böhran, sosial-iqtisadi tənəzzül və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü fonunda dövlət müstəqilliyi ciddi təhlükə altında idi. Məhz belə bir mürəkkəb dönəmdə - 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələ başlandı. Xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın müstəqilliyini möhkəmləndirərək hüquqi, dünyəvi və demokratik dövlət kimi möhkəm təməllər üzərində gələcəyə inamla addımlamasını təmin etdi. Digər tərəfdən, milli maraqlara əsaslanan balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində təcrid vəziyyətindən qurtularaq etibarlı tərəfdaşa çevrilməsini şərtləndirdi”.
YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərimizin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri də siyasi varisliyin təmin edilməsidir: “Heydər Əliyev yolunu böyük əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycan böyük nailiyyətlərə imza ataraq öz qüdrətini daha da artırdı və xalqımızın uzun illər boyu arzuladığı möhtəşəm Zəfərə - tarixi ədalətin bərpasına nail oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır və soydaşlarımızın doğma yurduna qayıdışı təmin olunur ki, bu da Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin real nəticəsidir”.