“Beynəlxalq münasibətlər sistemində son dövrlərdə müşahidə olunan proseslər qlobal miqyasda mənfi meyillərin artdığını göstərir. Qlobal idarəetmədə əsas qərarverici gücə malik dövlətlərin qərarvermə və tənzimləmə mexanizmlərini öz əlində cəmləşdirməsi ədalət prinsipinin zəifləməsinə və beynəlxalq sistemdə balansın pozulmasına gətirib çıxarır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, belə bir şəraitdə müxtəlif regionlarda yerləşən inkişaf etməkdə olan ölkələrin tədricən orta güc səviyyəsinə yüksəldiyi müşahidə olunur:
”Eyni zamanda regional əməkdaşlıq prosesləri daha da intensivləşir. Qlobal siyasət kontekstində Cənubi Qafqaz kimi strateji və mürəkkəb regionlar xüsusi əhəmiyyət daşıyır. Bu bölgədə maraqların toqquşması və geosiyasi rəqabətin artması müşahidə edilir. Region hazırda ciddi transformasiya mərhələsindən keçir və bu mərhələdə Qərb ilə Rusiya arasında rəqabət daha da kəskin xarakter alır.
Azərbaycan isə bu prosesləri elə istiqamətdə tənzimləyib ki, regionda yeni münaqişə və müharibə risklərinin yaranmasının qarşısı alınıb. Hazırkı mərhələdə rəqabət daha çox iqtisadi və nəqliyyat-logistika müstəvisinə keçmiş, tərəflər isə üstünlüklər əldə etməyə yönəlmiş siyasət yürüdürlər.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan üçtərəfli əməkdaşlıq uzun illərə söykənir və xüsusilə enerji, nəqliyyat və logistika sahələrində mühüm nəticələr verməkdə davam edir.
Quru sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi isə təhlükəsizlik amilini daha da aktuallaşdırır. Bu istiqamətdə dəqiq qiymətləndirmələrə və əlavə müzakirələrə ehtiyac olduğu aydın görünür.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan–Gürcüstan–Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və aparılan müzakirələr yaxın dövrdə konkret qərarların qəbul olunacağına dair gözləntiləri artırır.
Ümumilikdə, xarici işlər nazirlərinin bu cür görüşləri ali səviyyəli sammitlər üçün hazırlıq mərhələsi rolunu oynayır və konkret nəticələrin əldə olunmasına xidmət edir.
Regionda baş verən son siyasi proseslər, o cümlədən Ermənistandakı seçkilərdən sonrakı vəziyyət, regional əməkdaşlığın strateji əhəmiyyətini bir daha ortaya qoyur. Bu baxımdan, region ölkələrinin fəaliyyətlərini koordinasiya etməsi və xüsusilə təhlükəsizlik amilini nəzərə alaraq addımlar atması vacib əhəmiyyət daşıyır”.