“Uğurlu kiçik bizneslər adətən lazımsız xərcləri azaldır” -EKSPERT DANIŞDI

10 İyun 2026 14:57 (UTC+04:00)

“Satışların artırılması biznesin inkişafı və bazar payının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, daha çox satış əldə etmək müəssisənin ümumi dövriyyəsini artırır və bazardakı mövqeyini gücləndirir:

”Lakin satış həcminin artırılması məqsədilə çəkilən əlavə xərclər bəzən mənfəətliliyin azalmasına da gətirib çıxara bilər. Buna görə sahibkarlar yalnız gəlirin artımına deyil, əldə olunan gəlirin rentabelliyinə də xüsusi diqqət yetirməlidirlər. Xərclərin həddindən artıq azaldılması isə müəyyən risklər yarada bilər.

Bəzi hallarda qənaət məqsədilə xərclərin minimuma endirilməsi məhsulun keyfiyyətinə, xidmət səviyyəsinə və müştəri məmnuniyyətinə mənfi təsir göstərir. Bu isə uzunmüddətli perspektivdə biznesin rəqabət qabiliyyətini zəiflədə bilər”.

A. Nəsirli vurğulayıb ki, uğurlu bizneslərin əsas xüsusiyyəti xərclərlə gəlirlər arasında düzgün balansın qurulmasıdır:

“Uğurlu kiçik bizneslər adətən lazımsız xərcləri azaldır, lakin inkişafı təmin edən sahələrə investisiya qoyuluşunu davam etdirirlər. Marketinq, innovasiya, məhsul keyfiyyətinin artırılması və müştəri xidmətləri kimi istiqamətlərdə qənaət etmək əks nəticə verə bilər”.

“Qeyri-sabit iqtisadi şəraitdə dayanıqlılığın əsas şərti balanslı idarəetmə modelidir:

Məqsəd yalnız daha çox satmaq və ya maksimum qənaət etmək deyil. Əsas məsələ satış gəlirləri ilə xərclər arasında sağlam tarazlıq yaratmaqdır. Məhz bu yanaşma biznesin dayanıqlığını artırır, riskləri azaldır və uzunmüddətli uğurun əldə olunmasına imkan verir”.