"Milli Qurtuluş Günü ölkədə siyasi sabitliyin bərqərar olmasının başlanğıcıdır" - DEPUTAT DANIŞDI

10 İyun 2026 14:46 (UTC+04:00)

"15 İyun – Milli Qurtuluş Günü dövlət müstəqilliyimizin qorunub saxlanılması, siyasi sabitliyin təmin edilməsi və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir".

Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, XX əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etsə də, ölkədə ciddi siyasi, iqtisadi və hərbi böhran hökm sürürdü. Dövlət idarəçiliyində təcrübəsizlik, hakimiyyət uğrunda mübarizə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ölkəni dərin böhrana sürükləmişdi. 1993-cü ilin yayında ölkədə yaranmış siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsi Azərbaycanın müstəqilliyini və dövlətçiliyini real təhlükə qarşısında qoymuşdu. Belə mürəkkəb və taleyüklü bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək taleyində həlledici rol oynadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Milli Qurtuluş Gününün ən mühüm nəticələrindən biri ölkədə siyasi sabitliyin bərqərar edilməsi oldu. 1993-cü ildən sonra dövlət idarəçiliyində islahatlara start verildi, qanunsuz silahlı qruplaşmalar zərərsizləşdirildi və dövlət institutları gücləndirildi. Vətəndaş qarşıdurmasının qarşısı alındı, ictimai asayiş bərpa edildi və cəmiyyətin müxtəlif təbəqələri arasında milli həmrəylik formalaşdırıldı.

Təbii ki, siyasi sabitlik hər bir dövlətin inkişafının əsas şərtlərindən biridir. Azərbaycan da məhz sabitlik mühitində həyata keçirilən iqtisadi islahatlar əsasında beynəlxalq əlaqələrini genişləndirməyə və gələcək inkişaf proqramlarını reallaşdırmağa nail oldu. Bu baxımdan 15 İyun uzunmüddətli inkişaf konsepsiyasının başlanğıcı kimi qiymətləndirilir.

Qurtuluşdan sonrakı dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsaslı islahatlar həyata keçirildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi dövlət institutlarının formalaşmasında mühüm mərhələ oldu. Parlament, məhkəmə sistemi, hüquq-mühafizə orqanları və yerli idarəetmə strukturları daha səmərəli fəaliyyət göstərməyə başladı. Dövlətin beynəlxalq nüfuzu yüksəldi, Azərbaycan dünya birliyinin etibarlı tərəfdaşlarından birinə çevrildi. Bu proseslər ölkədə qanunun aliliyinin təmin olunmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət etdi.

Xarici investisiyaların cəlb olunması, enerji siyasətinin düzgün qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi.

1993-cü ilin iyunundan sonrakı dövrdə əldə olunan uğurların əsasında yaradılmış siyasi sabitlik və güclü dövlət idarəçiliyi dayanırdı.

Azərbaycanın müasir inkişaf tarixində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun uğurla davam etdirilməsi, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan son illər ərzində dinamik inkişaf edən, modernləşən və beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə malik olan orta gücə çevrilib. Bu gün Azərbaycan yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi və iqtisadi aktorlarından biridir. Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların əsasında dövlət başçısının prinsipial mövqeyi, milli maraqların qətiyyətlə müdafiə olunması və ölkənin müstəqil siyasi iradəsinin nümayiş etdirilməsi dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan bütün məsələlərdə öz sözünü deyən, mövqeyi ilə hesablaşılan dövlətdir.

Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə də Heydər Əliyev siyasi kursunun uğurlu davamının parlaq təzahürüdür. Ümummilli Liderin əsasını qoyduğu güclü dövlət quruculuğu strategiyası, milli ordunun formalaşdırılması və vətənpərvərlik ruhunun yüksəldilməsi sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərini əldə etdi. 2023-cü ildə isə dövlət suverenliyimiz bərpa olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək xalqımızın illərlə gözlədiyi ədaləti bərpa etdi. Şuşanın azad olunması isə Zəfərin zirvəsi və milli qürur mənbəyinə çevrildi.

Ulu Öndərin Qarabağı və bütövlükdə Azərbaycan torpaqlarını azad görmək arzusu Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində reallığa çevrildi.

Bütün əldə olunan nailiyyətlərin təməlində Milli Qurtuluş dövründə formalaşdırılmış dövlətçilik prinsipləri dayanır.

Gənc nəsil Milli Qurtuluş Gününün tarixi və siyasi əhəmiyyətini xüsusilə daha dərindən öyrənməlidir. Çünki dövlətin gələcəyi məhz gənclərin milli dəyərlərə, dövlətçilik ənənələrinə və tarixi yaddaşa münasibətindən asılıdır. Təhsil müəssisələrində Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin daha dərindən öyrədilməsi, mövzu ilə bağlı seminarlar, konfranslar, müzakirələrin təşkili effektiv nəticələr verir.

Eyni zamanda müasir informasiya texnologiyalarından və sosial media platformalarından istifadə edilməli, sənədli filmlər, interaktiv layihələr, elektron resurslar və vətənpərvərlik mövzusunda tədbirlər gənclərin tarixi şüurunun formalaşmasına mühüm töhfə verir. Gənclər anlamalıdır ki, müstəqillik və dövlətçilik asan əldə edilməyib. Azərbaycanın bugünkü inkişafı, təhlükəsizliyi və beynəlxalq nüfuzu uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin və xalqın birliyinin nəticəsidir. Milli Qurtuluş tarixini dərindən bilən gənclər ölkənin keçdiyi inkişaf yolunu daha obyektiv qiymətləndirə bilir, tarixi faktları təhrif etməyə yönələn cəhdlərə qarşı daha hazırlıqlı olurlar. Bu baxımdan tarixi biliklər həm də milli təhlükəsizliyin vacib elementlərindən biridir.

Bu şərəfli tarix gənc nəslə müstəqilliyin dəyərini, dövlətçiliyin əhəmiyyətini, milli birliyin gücünü və məsuliyyətli vətəndaş olmağın vacibliyini öyrədir. Tarixini mükəmməl bilən, dövlətçilik ənənələrinə hörmətlə yanaşan və milli maraqları qorumağı özünün vətəndaşlıq borcu hesab edən gənclər Azərbaycanın gələcək inkişafının və uğurlarının ən etibarlı təminatıdır.

Bu xüsusda 15 İyun – Milli Qurtuluş Günü xalqın birliyinin, dövlətçilik ənənələrinin və müstəqillik ideallarının təntənəsidir. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi isə hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdən biridir".