"Ailə qanunvericiliyinə əsasən, rəsmi nikah olmadan doğulan uşaqlar qanun qarşısında nikahda doğulan uşaqlarla eyni hüquqlara malikdirlər".
Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, əgər ata uşağı könüllü olaraq tanımır, qəbul etmir və doğum haqqında şəhadətnamədə atalıq qeyd edilməyibsə, ana və ya digər maraqlı şəxs məhkəmə qaydasında atalığın müəyyən edilməsini tələb edə bilər: "Məhkəmə bu zaman uşağın konkret şəxsdən törəməsi (mənşəyi) ilə bağlı istənilən sübutu, o cümlədən DNT ekspertizasının nəticələrini, şahid ifadələrini və digər sübutları nəzərə alır.
Atalığın müəyyən edilməsi ilə bağlı tələb məhkəmə tərəfindən təmin olunarsa, aliment öhdəliyi iddia ərizəsinin məhkəməyə təqdim edildiyi andan yaranır və yalnız həmin tarixdən sonrakı dövr üçün aliment tutulur. Əvvəlki dövr üçün aliment tələb oluna bilməz.
Atalıq məhkəmə qərarı ilə müəyyən edildikdən sonra uşaq valideynlərinə və onların qohumlarına münasibətdə nikahda doğulan uşaqlarla eyni hüquq və vəzifələrə malik olur. O, həmçinin aliment almaq hüququnu da əldə edir".