Sosial şəbəkələr psixoloji cəhətdən uşaqlara necə təsir edir? - PSİXOLOQ AÇIQLADI

9 İyun 2026 17:36 (UTC+04:00)

Son dövrlərdə uşaqların internetlə bağlı qarşılaşdığı bir sıra risklər var. İlk növbədə qeyd etmək lazımdır ki, ümumi risklərin artması fonunda ən önəmli problemlərdən biri smartfon və internetdən həddindən artıq istifadə edilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, digər ciddi problemlər isə sosial şəbəkələrdə baş verən kibertəcavüz və onlayn zorakılıq hallarıdır:

“Bunlar uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərir, onların emosional durumunu pozur və bəzən görünməyən, lakin ciddi nəticələr doğuran problemlərə səbəb olur.

Hərəkətsiz həyat tərzi uşaqlarda artıq çəkiyə, narahatlıq hissinə, stressə və müxtəlif emosional problemlərə yol açır. Bundan əlavə, erkən yaşlarda zərərli məzmunlara məruz qalmaq təhlükəsi də mövcuddur. Xüsusilə qumar və oyun asılılığı bu sahədə ən çox rast gəlinən problemlərdəndir.

Müraciət edənlərin çoxunda müşahidə olunur ki, sosial şəbəkələrin yaratdığı psixoloji təsirlər uşaqların davranışlarına mənfi təsir göstərir. Təəssüf ki, bəzi valideynlər övladları ilə açıq ünsiyyət qurmaqdan çəkinirlər. Halbuki uşaqların qarşılaşdığı problemlər nəticəsində onlarda qıcıqlanma, əsəbilik və digər mənfi reaksiyalar yarana bilər.

Əgər bu hallar yeniyetməlik dövrünə təsadüf edirsə, problemlər daha da dərinləşə bilir. Buna görə də yaşa uyğun qaydaların müəyyənləşdirilməsi və uşaqların psixoloji vəziyyətinin nəzərə alınması vacibdir. Bəzi hallarda onların sosial şəbəkələrdən istifadə müddətini məhdudlaşdırmaq faydalı ola bilər.

Risklər artdıqca valideyn-uşaq, müəllim-şagird və ümumilikdə cəmiyyətlə münasibətlərdə müəyyən problemlər yaranır. Bunun əsas səbəblərindən biri sosial şəbəkələrin uşaqların psixologiyasına göstərdiyi mənfi təsirlərdir. Belə vəziyyətlərdə uşaqlar yaranan çətinliklərin öhdəsindən gəlməkdə çətinlik çəkirlər.

Bu səbəbdən uşaqların qarşılaşdığı risklərin qarşısını almaq üçün müxtəlif maarifləndirici proqramların hazırlanması vacibdir. Xüsusilə yay mövsümündə onların düşərgələrə göndərilməsi, sosial fəaliyyətlərə cəlb olunması və asılılıq yaradan vərdişlərdən uzaqlaşdırılması faydalı nəticələr verə bilər”.