Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda 2025-ci ilin noyabr və dekabr, həmçinin cari ilin yanvar–may aylarında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, monitorinqlər çərçivəsində riskli hesab olunan su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli parklarda, qoruqlarda, ovçuluq təsərrüfatlarında, çay və su anbarları ətrafında müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib, laborator müayinələr üçün müxtəlif növ quşlardan nümunələr götürülüb. Eyni zamanda, quşçuluq müəssisələrində, quş kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb olunub.
Bundan əlavə, təbiət ərazilərinə, quşçuluq obyektlərinə, bazarlar, zooparklar, parklar və dekorativ quş saxlanılan yerlərə ümumi baxış keçirilib, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər aparılıb.
Laborator müayinələrin və müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. Ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və hər hansı yoluxmaya şübhəli hal müəyyən edilməyib.