“Sosial şəbəkələrin çoxsaylı faydaları ilə yanaşı, burada təhqir, böhtan və söyüş kampaniyalarının yayılması da ciddi problemlərdən biri olaraq qalır. Facebook, Instagram, TikTok, YouTube və WhatsApp kimi platformalarda bəzi istifadəçilər tərəfindən şəxslərin şərəf və ləyaqətinin alçaldılması, təhqir edilməsi və əsassız ittihamlarla nüfuzdan salınması halları müşahidə olunur”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılması, eləcə də şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması cinayət məsuliyyəti yarada bilər:
“Lakin həmin əməllər yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında yayıldıqda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyət məsələsi yarana bilər.
Qanunvericiliyə görə, kütləvi çıxış dedikdə məlumatın ən azı iki nəfər kənar şəxs tərəfindən eşidilməsi, görülməsi və ya qavranılması mümkün olan formada ifadə edilməsi nəzərdə tutulur. Kütləvi nümayiş etdirilən əsərlərə isə fotoşəkillər, rəsm əsərləri, videoçarxlar, reklam materialları və digər vizual məhsullar daxildir.
Beləliklə, əgər şəxs sosial şəbəkələrdə, media platformalarında və ya digər kütləvi yayım vasitələrində təhqirə və ya böhtana məruz qalırsa, zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilər. Bu kateqoriyadan olan işlər zərərçəkmiş şəxsin şikayəti əsasında başlanılır və tərəflər məhkəmə müşavirə otağına gedənədək barışdıqda cinayət təqibinə xitam verilə bilər”.