Mehmet Ali Erbilin yeni sevgilisi ilə arasındakı yaş fərqi diqqət çəkib

9 İyun 2026 15:45 (UTC+04:00)

Şəxsi həyatı və münasibətləri ilə tez-tez maqazin gündəminə gələn məşhur türkiyəli şoumen Mehmet Ali Erbil yenidən eşq xəbərləri ilə diqqət mərkəzinə düşüb. İddialara görə, Erbil bu dəfə özündən xeyli kiçik olan Eylem Çeliklə münasibət yaşayır.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Mehmet Ali Erbil 2025-ci il avqustun 28-də İstanbulun Sarıyer rayonunda özündən 42 yaş kiçik Gülseren Ceylanla altıncı dəfə ailə həyatı qurmuşdu. Lakin maqazin dünyasında geniş müzakirələrə səbəb olan bu evlilik uzun sürmədi.

Cəmi yeddi ay davam edən nikah tərəflərin qarşılıqlı razılığı ilə başa çatıb. Beykoz 1-ci Ailə Məhkəməsində keçirilən məhkəmə iclasında cütlük “ailə birliyinin əsaslı şəkildə sarsılması” səbəbi ilə boşanıb.

Boşanmadan sonra diqqətini sosial media fəaliyyətinə yönəldən Erbil xüsusilə TikTok platformasında açdığı canlı yayımlarla gündəmdə qalmağı bacarıb. İndi isə onun yeni münasibət yaşadığı iddia olunur.

Mehmet Ali Erbil TikTok yayımlarından biri zamanı tanış olduğu Eylem Çeliklə yaxın münasibət qurub.

Məlumatlarda qeyd olunur ki, Erbilin yeni sevgilisi Eylem Çelik 21 yaşındadır. Bu səbəbdən cütlük arasındakı yaş fərqi sosial şəbəkələrdə və maqazin dairələrində geniş müzakirələrə səbəb olub.

Hələlik nə Mehmet Ali Erbil, nə də Eylem Çelik yayılan iddialarla bağlı rəsmi açıqlama verməyib. Cütlüyün münasibəti barədə mövqeyi maraqla gözlənilir.

Lətifə Abdıyeva