İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub.
SİA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Təlimin məqsədi təcili hallarda qərarvermə, pasiyentin vəziyyətinin operativ qiymətləndirilməsi, ilkin tibbi yardımın təşkili və məhdud zaman şəraitində effektiv müdaxilə bacarıqlarının təkmilləşdirilməsi olub.
Proqram çərçivəsində iştirakçılar hava yolunun açıqlığının təmin edilməsi, tənəffüs və qan dövranının qiymətləndirilməsi, eləcə də həyati təhlükə yaradan vəziyyətlərdə ilkin müdaxilə prinsipləri üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim zamanı şok vəziyyətlərinin və ürək ritm pozğunluqlarının tanınması, təxirəsalınmaz hallarda düzgün qərarvermə və müdaxilə alqoritmləri üzrə praktiki məşğələlər keçirilib.
Təlim real klinik vəziyyətlərə əsaslanan ssenarilər üzərində qurulub. İştirakçılar müxtəlif halları təhlil edərək təcili tibbi yardım xidmətində operativ reaksiya və müdaxilə bacarıqlarını tətbiq ediblər.
Qeyd edək ki, keçirilən təlim təcili tibbi yardım əməkdaşlarının peşəkar hazırlığının gücləndirilməsinə, əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.