Türkiyədə tanınmış şəxslərlə bağlı aparılan narkotik araşdırması çərçivəsində saç nümunəsində narkotik maddə aşkar edildiyi və test nəticəsinin müsbət çıxdığı iddia olunan aktrisa və prodüser Yağmur Ünal məsələ ilə bağlı ilk dəfə açıqlama verib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məşhur aktrisa Türkan Şorayın qızı olan Ünal ittihamları qəti şəkildə rədd edərək, rəsmi nəticələrin hələ ona təqdim edilmədiyini bildirib.
Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı istintaqda yeni inkişaf yaşanıb. Araşdırma çərçivəsində qan, sidik və saç nümunələrinin götürülməsi üçün Məhkəmə-Tibb Ekspertizası Qurumuna göndərilən bir sıra tanınmış şəxslərin analiz nəticələrinin istintaq materiallarına daxil edildiyi bildirilib.
Mediaya sızdırılan məlumatlara görə, müğənni Mabel Matiz kimi tanınan Fatih Karaca, aktrisa və prodüser Yağmur Ünal, eləcə də iş adamı Volkan Bahçekapılı daxil olmaqla 10 nəfərin test nəticələrinin müsbət çıxdığı iddia olunur.
İddiaların sosial şəbəkələrdə və xəbər saytlarında geniş yayılmasından sonra Yağmur Ünal vəkili vasitəsilə yazılı açıqlama yayıb. O, yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayaraq bildirib:
“Haqqımda yayılan və reallığı qətiyyən əks etdirməyən xəbərləri böyük təəccüblə öyrəndik. Rəsmi qurumlardan göndərilən nəticələr hələ tərəfimizə təqdim olunmayıb. Ortada ciddi bir yanlışlığın olduğunu düşünürəm və həqiqətin qısa zamanda üzə çıxacağına ürəkdən inanıram.”
Ünal həmçinin məsələnin tam aydınlaşdırılması üçün müstəqil laboratoriyalarda da analizlər etdirəcəyini açıqlayıb. O, həmin testlərin nəticələrini ictimaiyyətlə açıq şəkildə paylaşmağa hazır olduğunu bildirib.
“Bu məsələnin aydınlaşdırılması üçün zərurət yaranarsa, şəxsi təşəbbüsümlə etdirdiyim analizlərin nəticələrini də şəffaf şəkildə ictimaiyyətə təqdim edəcəyəm. Bu çətin dövrdə mənə dəstək olan ailəmə, dostlarıma və xoş sözlərini əsirgəməyən hər kəsə təşəkkür edirəm”, – deyə Ünal qeyd edib.
Lətifə Abdıyeva