"Soyuq zəncirə əməl olunmaması qida zəhərlənmələrinə səbəb ola bilər" - QİDA EKSPERTİ DANIŞDI

9 İyun 2026 14:32 (UTC+04:00)

"İstənilən qida məhsulu fermer təsərrüfatından və ya tarladan istehlakçının süfrəsinə qədər “soyuq zəncir” prinsipi əsasında daşınmalı və saxlanmalıdır. Bu prinsip qida məhsullarının təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır".

Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, qida eksperti Eyyub Hüseynov bildirib.

O, qeyd edib ki, qida məhsulu yararlılıq müddəti bitməsə və hətta yeni istehsal olunsa belə, uyğun olmayan temperatur şəraitinə məruz qaldıqda çox qısa müddətdə yararsız hala düşə və insanlarda zəhərlənməyə səbəb ola bilər. Buna görə də satış şəbəkələrinin əməkdaşları, anbar sahibləri və qida məhsullarının daşınması ilə məşğul olan şəxslər soyuq zəncir qaydalarına ciddi riayət etməlidirlər: "Bəzən yararlılıq müddəti keçməyən qidalarda kif və ya göbələk əmələ gəlir. Bu isə məhsulun istehsaldan istehlakçıya çatana qədər olan mərhələlərin hansısa birində temperatur rejiminin pozulduğunu göstərir. Xaricdən gətirilən qida məhsulları da xüsusi nəzarət altında saxlanılmalıdır.

Beynəlxalq daşımalar zamanı bir çox məsuliyyətli şirkətlər nəqliyyat vasitələrində xüsusi temperatur qeydiyyat cihazlarından istifadə edirlər. Möhürlənmiş bu cihazlar məhsulun daşınması zamanı hansı temperatur şəraitində saxlanıldığını qeydə alır. Bu sistem təyyarələrin “qara qutusu” prinsipi ilə işləyir. Məsələn, gömrükdə və ya digər məntəqələrdə soyuducu sistemdə nasazlıq yaranarsa, cihaz bunu qeydə alır və yük təhvil alınarkən məlumatlar yoxlanılır. Uyğunsuzluq aşkar edilərsə, məhsul qəbul edilməyə bilər.

İstehlakçılar da diqqətli olmalıdırlar. Qida məhsulları mağaza və ya bazardan alındıqdan sonra onların hər biri üçün nəzərdə tutulmuş temperatur rejiminə uyğun saxlanmalıdır. Xüsusilə yay aylarında bu məsələyə daha həssas yanaşmaq lazımdır.

Hətta ən müasir ticarət şəbəkələrində belə bəzi məhsulların anbarda düzgün saxlanılmaması nəticəsində kiflənmə halları baş verə bilər. Buna görə də istehlakçılar aldıqları yağ, qatıq və digər həssas məhsulları evə gətirdikdən sonra yoxlamalıdırlar. Hər hansı problem aşkar edilərsə, 1003 qaynar xəttinə məlumat verilməli, məhsul mağazaya qaytarılmalı və satışdan çıxarılması təmin edilməlidir.

Xüsusilə göbələklər, konserv məhsulları, balıq və digər tez xarab olan ərzaqlar riskli qidalar hesab olunur. Bu məhsullar düzgün saxlanılmadıqda qısa müddətdə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Konserv məhsulları alarkən metal qablaşdırmada istehsal edilmiş və üzərində istehsal tarixinin döymə üsulu ilə qeyd olunduğu məhsullara üstünlük verilməsi tövsiyə olunur. Bu, məhsulun etibarlılığı barədə əlavə məlumat verir və istehlakçının daha təhlükəsiz seçim etməsinə kömək edir".

Lətifə Abdıyeva