"Ölkənin əksər ərazilərində günəşli günlərin sayı yüksəkdir və xüsusilə Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan, Abşeron və Aran bölgələri bu baxımdan geniş imkanlara malikdir".
Bu fikirləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, son illərdə dövlət tərəfindən bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir, xarici investorların iştirakı ilə iri günəş elektrik stansiyalarının tikintisi həyata keçirilir və artıq bir sıra layihələr istismara verilib: "Bununla belə, mövcud potensialdan hələ tam şəkildə istifadə olunmur. Elektrik enerjisi istehsalında günəş enerjisinin payı tədricən artsa da, ümumi enerji balansında onun xüsusi çəkisi hələ də nisbətən aşağıdır. Bunun əsas səbəblərindən biri Azərbaycanın uzun illər ərzində neft və qaz resurslarına əsaslanan enerji siyasəti yürütməsidir. Lakin son dövrlərdə alternativ enerji sektorunun inkişafı daha sürətli mərhələyə qədəm qoyub.
Sahənin inkişafını sürətləndirmək üçün ilk növbədə elektrik şəbəkəsinin modernləşdirilməsi vacibdir. Günəş enerjisi istehsalının hava şəraitindən asılı olması enerji sisteminin çevik və dayanıqlı olmasını tələb edir. Bununla yanaşı, enerji saxlama texnologiyalarına, xüsusilə batareya sistemlərinə yatırımların artırılması böyük əhəmiyyət daşıyır.
Fərdi yaşayış evlərində və biznes obyektlərində günəş panellərinin quraşdırılmasını təşviq edən maliyyə mexanizmlərinin genişləndirilməsi də mühüm məsələlərdən biridir. Vergi güzəştləri, subsidiyalar və güzəştli kreditlər bu sahəyə marağı artıraraq vətəndaşların alternativ enerji mənbələrinə keçidini sürətləndirə bilər. Hazırda yüksək ilkin quraşdırma xərcləri bir çox insan üçün əsas maneələrdən biri olaraq qalır.
Eyni zamanda, yerli istehsal imkanlarının və texniki xidmət şəbəkəsinin genişləndirilməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi və hüquqi bazanın təkmilləşdirilməsi vacib istiqamətlər sırasındadır. İstehsal olunan artıq enerjinin elektrik şəbəkəsinə satılması mexanizmlərinin sadələşdirilməsi də vətəndaşların və sahibkarların bu sahəyə marağını artıracaq amillərdən biridir.
Ümumilikdə, Azərbaycanda günəş enerjisinin inkişafı üçün həm zəngin təbii potensial, həm də güclü siyasi iradə mövcuddur. İnfrastrukturun gücləndirilməsi, investisiyaların artırılması və stimullaşdırıcı mexanizmlərin genişləndirilməsi nəticəsində yaxın illərdə günəş enerjisinin ölkənin enerji təhlükəsizliyində və iqtisadi inkişafında daha mühüm rol oynayacağı gözlənilir".
Lətifə Abdıyeva